Roman Qriqorçuk "Şaxtyor"la bağlı iddialara cavab verdi

17:37 - 5 Mart 2016

"Rəqibi geriyə oturmağa məcbur etdik"
 
Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Neftçi"ni 2:1 hesabıyla məğlub edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis adının Donetsk "Şaxtyor"u ilə yanaşı hallanmasına da münasibət bildirib.
 
- Birinci hissədə bəzi çatışmazlıqlar var idi. Fasilədə bunu futbolçulara çatdırdıq. Oyunçularda hisslər ağıl üzərində hakimlik edirdi. İrəli atılanda topu itirirdik. Rəqib topu ələ keçirirdi və bütün oyun belə davam edirdi. "Neftçi"nin gənc oyunçuları çox sürətlidi. Amma ikinci hissədə vəziyyəti dəyişə bildik.
 
- Elvin Camalovun zədəsi necədi? 
- Elvinlə maraqlandıq. O, ötən oyunda da zədələnmişdi. Yenə zədələndi. O, sürətlə inkişaf edir. Ona limit məsələsinə görə yox, layiq olduğu üçün şans verirəm.
 
- Sonradan meydana buraxdığınız oyunçu matçın taleyini həll etdi... 
- Biz rəqibi geriyə oturmağa məcbur etdik. Bizim təzyiqimizdən sonra rəqib müdafiəçi səhv etdi və qırmızı vərəqə aldı.
 
- Demək olar ki, Əsgər Abdullayevi əvəzetmələrdə üstələdiz? 
- Yox, mən belə deməzdim. Sadəcə, bizim əvəzetmələrimiz lazım olan vaxtı, lazım olan yerdə oldu. Rəşadı meydana birinci hücumçu kimi buraxmışdım.
 
- Ukrayna mətbuatının yazdığına görə, "Şaxtyor" sizə dəvət göndərəcək. Belə təklif olsa, komandanı atıb gedərsiz? 
- Əvvəllər də bu cür suallar olurdu. Mən bu suallara heç bir şərh vermirdim. "Şaxtyor"un özünün bacarıqlı məşqçisi var. Mən bu haqda danışa bilmərəm. "Şaxtyor" çox güclü komandadı. Bu komandadan öyrəniləsi çox şey var.

Xəbər xətti