Çingiz Abdullayev: "İmicimi şadlıq sarayı və mağaza açmaqla qazanmamışam" MÜSAHİBƏ

20:45 - 5 Mart 2016

"Biz yaxşı mütəxəssis axtarırıq"
 
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”dən aldıqları 2 - 1 hesablı məğlubiyyətdən sonra jurnalistlәrin suallarını cavablandırıb.
 
Sportal.az hәmin müsahibәni tәqdim edir:
 
Birinci hissədə yaxşı oynadıq. Təəssüflər olsun ki, ikinci hissədə zəif oynadıq. Təbii ki, bu nəticə bizi qane edə bilməz. Bizim məqsədimiz odur ki, daha çox gənc azərbaycanlı futbolçular oynasın. Bu il bəzi uğurlarımız da olub. SOCAR  və AFFA çox sağ olsun ki, bu stadionu bizim balansımıza keçirib. İlk dəfədir ki, böyük bir baza tikirik. Bütün işlərə davam edəcəyik. Amma oyunumuz və nəticələrimiz bizi heç cür qane edə bilməz.
 
- Əsgər Abdullayev istefa verdi. Qəbul etdiniz?
- Bəli. İstefa verib. Amma onun istefa ərizəsi məndə yoxdu. Əlbəttə, biz bu məsələyə baxacağıq. Müşahidə Şurası qərar vermişdi ki, yanvarda xarici mütəxəssis gətirilsin. Amma dekabr ayında vəziyyət dəyişdi. Özünüz də bilirsiniz ki, Emil Mpenzaya 1 milyonluq təzminat məsələsi ortaya düşdü. Bu məbləği ödəməli idik. Bu məbləğ “Neftçi”nin büdcəsindən ödənilir. Ona görə də, Əsgər Abdullayevdən xahiş etdik ki, 2016-cı ildən də komandanı çalışdırsın. Amma baxırıq ki, komandanı yaxşı məşqçi çalışdırmalıdır.
 
- “Neftçi”ni əcnəbi mütəxəssis çalışdıracaq yoxsa yerli?
- Biz yaxşı mütəxəssis axtarırıq. Mütləq deyil ki, xarici olsun. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur və yaxşı uğurlar qazanıb. Əsgər müəllim çox sağ olsun. Bizə kömək etdi. Yadınza salın bu komanda “Qəbələ”ni səfərdə məğlub etmişdi. 8 il idi ki, Lənkəranda “Xəzər Lənkəran”a qalib gələ bilmirdik. “Qarabağ”I məğlub etdi. Amma yanvardan sonra keyfiyyət bizi qane etmədi. Çalışacağıq ki, uğursuzluqdan çıxaq.
 
- Sizcə, yeni ildən sonra qeydə alınan nəticələrdə günahkar Əsgər Abdullayevdir?
- Belə demək olmaz. Hər şeyi məşqçinin üstünə yıxmaq olmaz. Görünür səhvlər var və yaxudda hansısa taktikalarda düzgün olmayıb. Bunların hamısını araşdıracağıq.
 
- İstefa ərizəsi qəbul edilsə, Əsgər Abdullayev yenidən MŞ-da fəaliyyətinə davam edəcək?
- Mən onunla danışmamışam. Müşahidə Şurasında müzakirə ediləcək. Amma bir gün içində də məşqçi tapa bilməyəcəyik. Elə bir yolla getməliyik ki, Çempionlar Liqasında çıxış edək. Gec-tez biz bunu bacaracağıq.
 
- Ölkə kubokunda komandanı “Xəzər Lənkəran”ın qarşısına kim çıxaracaq?
- Əsgər Abdullayevin istefa ərizəsinə baxılmayıb və o bizim məşqçimizdir.
 
- Sizdən əvvəlki rəhbərlik uduzanda da, udan da jurnalistlərin qarşısına çıxırdı. Amma siz 4-cü məğlubiyyətdən sonra qarşımızdasınız…
- Mən hər dəfə jurnalistlər mənə yaxınlaşanda onların suallarını cavablandırıram. Hamı görür. Mən PEN-klubun prezidentiyəm. Görünür, siz PEN-klubun nə olduğunu bilmirsiz. Klub prezidenti hər oyundan sonra açıqlama vermir. Məşqçilər verir. İnsafınız olsun…
 
- “Neftçi”nin bu vəziyyətinə görə, utanmalı olan şəxs kimdir?
- 1-ci növbədə mən. Görünür mən nəyisə tələb edə bilmirəm. Biz 7-ci pillədə olmamlı idik. “Neftçi” Azərbaycanın brendidir. Azərbaycanda 2-ci belə klub yoxdu.
 
- Sizin illərlə topladığınız imiciniz var. Bu imicinizi “Neftçi”də itirməkdən qorxmursunuz?
- Mən inanmıram belə olsun. İmicimi şadlıq sarayı və mağaza açmaqla qazanmamışam. Kitablar yazmışam. Əgər kimsə, məni futbola görə bəyənməyəcəksə, heç bəyənməsin. Biz gəlmişik ki, futbolu inkişaf etdirək.
 
- Yeni gələndə Bakı Olimpiya Stadionunu istəyirdiniz. Amma bu gün “Bakcell Arena” dolmur…
- İstəyirik ki, çox azarkeş olsun. İstəsək, SOCAR-a müraciət edərik ki, əməkdaşlarını stadionlara gətirsin. Belə doldura bilərik. Biz belə istəmirik. Bakıda yeganə bilet satan komanda bizik.
 
- Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmağı düşünmürsüz?
- "Bakcell Arena"nı bizim balansımıza yeni keçiriblər. Hələ ki, buranı dolduraq sonra baxarıq. Ümumiyyətlə, Azərbaycan klublarında çətinlik var. Mpenzaya olan borc yeni rəhbərlikdən olmayıb. Amma “Neftçi”nin adınadır. Əgər ödəməsydik UEFA bizi sərt şəkildə cəzalandıracaqdı.

Xəbər xətti