Rəşad Sadiqov: "Əgər titul istəyiriksə, bunun ən asan yolu kuboku qazanmaqdır"
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi
- Səfərdə “Neftçi” üzərində 2:1 hesablı əzmkar qələbə qazandınız...
- Bizim üçün gərgin oyun oldu. Hesabda 1:0 geriyə düşdük, amma eyni hesabla irəliyə də keçə bilərdik. Elə oyun alındı ki, hər iki komanda çoxlu qol epizodları yaratdı. İkinci hissədə komandamız məşqçinin tapşırıqlarını daha düzgün yerinə yetirdi və layiqli qələbə qazandıq.
- İlk hissədə “Neftçi” sizdən daha yaxşı oyun göstərdi...
- Rəqib əks-hücumlarda daha yaxşı oynadı, düzdür, ilk hissədə onların qol epizodları çox ola bilər, ancaq biz də pis oyun göstərmədik.
- Qələbədə ikinci hissədə baş tutan əvəzetmələrin də xüsusi rolu oldu. Sənə elə gəlmir ki, bu oyunda Roman Qriqorçuk Əsgər Abdullayevə qalib gəldi?
- Qələbə qazanmışıqsa, deməli elədir. Tapşırıqları baş məşqçi verir, biz də onu icra etməyə çalışırıq.
- Artıq son oyunlarda “Qəbələ” uğurlu nəticələrlə yadda qalır. Artıq demək olar ki, toparlanmısınız?
- Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. İlk dövrədə Avroliqada mübarizə aparırdıq deyə, komandada bir az yorğunluqlar olurdu. Qış fasiləsinə yollananda da bildirmişdim ki, “tam fərqli “Qəbələ” görəcəksiniz”. Bu da onun sübutudur, ancaq qazandığımız qələbələrlə kifayətlənmək olmaz, əsas odur ki, davamını gətirək.
- Bir neçə gün sonra kubokun ¼ finalında “Zirə”ni qəbul edəcəksiniz. İlk oyunda da sərfəli nəticə qazanmısınız...
- Ancaq “Zirə” ilə oyun haqda fikirləşirik. Əgər titul istəyiriksə, ən asan yol kuboku qazanmaqdır. Həm kuboku qazanmaq istəyirik, həm də çempionluq uğrunda mübarizəni davam etdirmək.
- Bir zamanlar çıxış etdiyin “Neftçi” heç də yaxşı vəziyyətdə deyil...
- Yaxşı mübarizə aparmırlar, amma hiss olunur ki, komanda daxilində nəsə çatışmır.
- “Neftçi”nin hazırki vəziyyətinə baxanda ürəyin ağrıyır?
- Pis oluram, “Neftçi”ni 7-ci pillədə görməyə öyrənmişəm. Bu da bir az sıxıcı gəlir. İstəyərdim ki, “Neftçi” əvvəlki gücün qaytarsın, çempionluğa oynasın.
saytlarin hazirlanmasi