"Qurban müəllim qola görə məni təbrik etdi"
Azərbaycan Premyer Liqasının XXIV turunda "Kəpəz” səfərdə "Rəvan” üzərində 3:1 hesablı qələbə qazanıb.
Qarşılaşmadan sonra Gəncə təmsilçisinin hücumçusu Namiq Ələsgərov Sportal.az-a müsahibə verib:
- "Rəvan”a 3 qol vurdunuz. Qarşılaşma haqqında fikirləriniz necədir?
- Çətin oyun keçəcəyini gözləyirdik. Erkən qol vurmağımız xeyrimizə oldu. Oyun qoldan sonra bizim üçün daha rahat oldu.
- "Rəvan" dişinizə görə rəqib idimi?
- Məqsədimiz "Rəvan”ı məğlub etmək idi. Mütləq bu işin öhdəsindən gəlməli idik. Şükürlər olsun ki, istəyimizə çatdıq. "Rəvan”ın əvvəlki oyunlarına baxmışdıq. Əksər komandalara qarşı başa-baş mübarizə aparıblar. Necə oynayacaqlarını bilirdik.
- Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qaldın. İndi vəziyyətin necədi?
- Tam bərpa olunduğumu deyə bilmərəm. Biraz çətinliyim var. İnanıram ki, oyundan oyuna hər şey qaydasına düşəcək. Bir çox qarşılaşmalarda əsas heyətdə şans qazanıram. Bu, mənim üçün şansdır. Buna görə, baş məşqçimiz Şahin Diniyevə təşəkkür edirəm. Onun ümidlərini doğrultmağa çalışıram.
- "Kəpəz”ə keçidin milli komanda baxımından sənə yardımçı olacaqmı?
- Əlbəttə, bir çox oyunlarda meydana çıxmaq mənim üçün yaxşı haldır. Hər oyun daha yaxşı oynamağa çalışıram. İnşallah göstərdiyim oyunla yenidən milli komandaya dəvət almağa çalışacağam.
- Bir neçə gün öncə Gəncədə "Qarabağ”la qarşılaşdınız. Həmin oyunda Ağdam klubunun qapısından qol da vurdunuz. Qarşılaşmadan sonra Qurban Qurbanov sənə nəsə demədi?
- Qurban müəllim qola görə məni təbrik etdi.
- Bəs sənə hər-hansı təlimat verdimi?
- Yox, sadəcə, təbrik etdi.
- Mövsümün sonunda "Kəpəz”lə müqavilən başa çatır. "Qarabağ”a qayıtmaq barədə düşünürsənmi?
- Hal-hazırda bu barədə düşünmürəm. Bu dəqiqə bütün diqqətimi "Kəpəz”in oyunlarına yönəltmişəm. Yayda bu barədə qərar veriləcək.
- Turnir cədvəlində 5-ci pillədə qərarlaşmısınız. Avroliqa şanslarınızı necə dəyərləndirirsən?
- Şanslarımız var. Buna görə çalışırq. "Neftçi”nin "Qəbələ”yə məğlub olması bizim xeyrimizə oldu. Şanslarımız yüksəkdi.
- Yerli futbolçulardan zədəyə qarşı ən həssası sənsən. Gəncədə də istənilən şərait yoxdur. Həmin stadionda oynamağa çətinlik çəkmirsiz?
- O meydanda hamı çətinlik çəkir. Təkcə mənim üçün yox, orada oynamaq bütün futbolçular üçün çətindir. İstənilən halda öz oyunundan daha yaxşı oyun sərgiləməlisən.
- Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu paltardəyişmə otağına gəldi. Bundan sonra otaqdan sevinc səsi gəldi. Deyəsən, komandaya mükafat veriləcək...
- Yox, sadəcə, qələbəyə görə bizi təbrik edirdi.
saytlarin hazirlanmasi