"Azarkeşsiz futbol duzsuz xörək kimidir"
“CBC Sport”un baş direktoru Volkan Üst 1news.az saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, o, əvvəlcə gəlişindən sonra telekanalda hansı dəyişikliklərin edildiyi haqqında məlumat verib:
“Dəyişiklikləri iki hissəyə bölmək olar – texniki cəhətdən və marketinq məsələlərində. “CBC Sport” yeni layihədir. Fəaliyyətə başlamasından 4 ay sonra gəlmişəm. “CBC Sport”un təkcə Azərbaycanda deyil, bütün regionda ən yaxşı etmək istəyirik. Mənim gəlişimdən sonra biz teleproqramda dəyişikliklər etdik. Kanalda xəbərlərin sayını bir qədər də artırdıq. Əvvəlcə xəbərlər gün ərzində üç dəfə efirə gedirdisə, indi onların sayı 11-ə yüksəlib. 6 yeni veriliş tamaşaçılara təqdim etmişik. İngiltərə Premyer Liqası ilə yanaşı Fransa çempionatının icmalı da verilir. Tezliklə Çempionlar Liqası və İngiltərə çempionatı ilə bağlı təhlili verilişlərin də yayımına başlayacağıq.Voleybol üzrə Türkiyə çempionatının canlı yayımına başlamışıq. “Uimbldon” tennis turnirini – Böyük Dəbilqə və WTA tennisi yarışlarının yayım hüququnu almışıq. Bu arada qeyd edim ki, qaydasız döyüş növləri üzrə yarışların yayımlanması ilə əlaqədar işlər gedir. Daha bir neçə sürpriz var, onları vaxtı gələndə açıqlayacağıq”.
Ardınca Volkan bəy gələcək planları da açıqlayıb: “AVRO-2016-yə ciddi hazırlaşırıq. Yayım hüququmuz yoxdur, buna baxmayaraq, Parisdə bizim öz studiyamız olacaq. Bir ay ərzində ordan canlı efirə çıxacağıq. RİO-2016 Olimpiya oyunlarına müxbirimizi göndərəcəyik. Diqqətdən kənarda qalan hadisələri göstərməyə çalışacağıq. Braziliyadan reportajlarımız olacaq. Eyni zamanda onu da vurğulamaq istəyirəm ki, “CBC Sport” Milli Basketbol Assosiasiyasının oyunlarının yayım hüququna malik olan yeganə kanaldır. Canlı yayımdan başqa, NBA ilə əlaqədar çox maraqlı təhlili verilişi efirə buraxmışıq. İdmandan başqa, CBC Sport-da idman dəbi, fitness, idman tarixi, düzgün qidalanma ilə bağlı çox sayda maraqlı verilişlər var”.
Daha sonra Volkan bəy yayımlarla bağlı problemlərə toxunub: “Bütün bunları eyni vaxtda yayımlayan zaman müəyyən çətinliklər yaranır. Ancaq biz üstünlüyü Azərbaycan Premyer Liqasına veririk. Peşəkar Futbol Liqası ilə yaxşı münasibətlərin nəticəsində oyunların vaxtını dəyişmək mümkün olur. Məqsədimiz turun bütün oyunlarını canlı yayımlamaqdır. Turun bütün oyunları eyni günə düşəndə problem yaranır. Bizim üç PTS-miz var. Növbəti mövsümdən onların sayını artırmağı düşünürük. O zaman eyni günə düşsə belə, beş matçın hamısını canlı yayımlaya biləcəyik. Əslində isə oyunları 2-3 günə bölmək lazımdır. Burada məni narahat edən bir məsələni də vurğulamaq istərdim. Məni Bakıda stadionlara az azarkeşin gəlməsi narahat edir. Əyalətlərdə başqa cürdür. Misal üçün Gəncədə stadion standartlara cavab verməsə də, stadion dolur. İstərdik ki, Gəncədə yeni arena olsun. Düşünürəm ki, gələcəkdə Bakıda stadionlara daha çox adam gələcək. Azarkeşsiz futbol duzsuz xörək kimidir”.
“CBC Sport”un baş direktoru ardınca başqa maraqlı məsələyə toxunub. O, Türkiyə Superliqasının telekanalda yayımlanma perspektivinə də münasibətini bildirib: “İtaliya çempionatını veririk. “Böyük beşlik” ölkələrindən İspaniyada 5-6 böyük maraq doğuran görüşlər olur. Almaniya və Fransada oyunların səviyyəsi bir-birinə daha yaxındır. Planlara gəlincə, gələn il İngiltərə çempionatının yayım hüququnu əldə etmək üçün ciddi iş görəcəyik. Eyni vaxtda Türkiyə çempionatının yayım hüququnun alınması üçün də iş gedir. Azərbaycanda bu çempionatı çox sevirlər. Bu bizim, həm də Türkiyə tərəfini maraq dairəsindədir. “Digiturk” rəhbərliyi ilə danışıqlar aparırıq. Bu yenilik olacaq, çünki Superliqa demək olar ki, heç bir xarici ölkədə yayımlanmır. Danışıqlar uğurla nəticələnsə, “CBC Sport”a Türkiyədə baxmaq mümkün olmayacaq. Nə peyk, nə də internet vasitəsi ilə”.
Daha sonra Volkan bəy yeni aparıcı seçimləri ilə bağlı fikirlərini açıqlayıb: “Bizim üçün əsas olan işləmək istəyi, inkişaf arzusu təcrübədən daha böyük əhəmiyyət kəsb edir. İndi seçim aparırıq. Yeni aparıcılar, şərhçilər axtarırıq. Azərbaycanda çox sayda istedadlı adam var. Onlara özlərini göstərmək üçün şans yaratmaq istəyirik. Yeni verilişlərimiz, yeni simalarımız olacaq. Eyni zamanda təcrübəli şəxsləri də yaddan çıxarmırıq. Telekanalımızda kifayət qədər savadlı və qabiliyyətli şəxslər çalışır”.
“İdman Azərbaycan”la rəqabət barədə isə baş direktor bundan şad olduğunu bildirib: “Çox şadam ki, belə bir kanal var. “İdman Azərbvaycan”la “CBC Sport”un məqsədləri başqadır. “İdman Azərbaycan” dövlət kanalıdır. Onlara böyük hörmətlə yanaşıram. Onlar bizim rəqibimizdir, ancaq bu xoş rəqabətdir. Bu rəqabət hər iki kanalın xeyrinədir. Əsas odur ki azarkeş razı qalsın. İki idman telekanalı Azərbaycan teleməkanı üçün ideal variantdır. Axı idman təkcə futbol demək deyil. Azərbaycanda güləş, cüdo, gimnastika, voleybol kifayət qədər populyardır. Yeri gəlmişkən, voleybol üzrə Azərbaycan çempionatında “Dördlər final”ını göstərməyi planlaşdırıq”.
Sonda Volkan bəy “CBC Sport”un HD yayımıyla bağlı da danışıb: “Azərbaycanda ilk olaraq məhz bizim telekanal HD formatda yayıma başladı. Belə də davam edəcəyik, həta 4K formatda yayım etmək barədə də düşünürük. Dünya yerində durmur və daim inkişaf edir. SD formata gəlincə, hesab edirəm ki, bu yayım üsulu məhvə doğru gedir. Bir neçə il sonra bəlkə onları yada da salmadılar”.
saytlarin hazirlanmasi