"İnter" növbəti ildə də Azərbaycanı avrokuboklarda təmsil edəcək
Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter” doğma meydanında "Rəvan”ı 3-0 hesabı ilə məğlub edib.Sözügedən qarşılaşma Azərbaycan milli komandasının forvardı Vüqar Nadirov üçün əlamətdar olub. Hücumçu "İnter”in heyətində ilk qolunu vurub.
Vüqar Nadirovun matçdan sonra Sportal.az-a müsahibəsini təqdim edirik:
- "İnter”in heyətində ilk qolunu vurdun...
- Uzun müddətdir ki oynamırdım. Çalışıram ki, oyundan-oyuna əvvəlki formamı bərpa edim.
- Bu günkü oyunla, ilk oyundakı nəticənin təsadüf olduğunu göstərdiniz...
- Təsadüf deməzdim. Ola bilər ki, uşaqlarda yorğunluq var idi. "Rəvan”a yuxarıdan-aşağı baxmırdıq. Bizə bu oyunda vacib qələbə lazım idi,
- Kubokun yarımfinalında sabiq komandan "Qarabağ”la qarşılaşacaqsınız. Oyun sənin üçün nə qədər əhəmiyyətlidir?
- "Qarabağ”a qarşı oynamaq mənim üçün hər şey deməkdir. Bir ağdamlı kimi "Qarabağ”a qarşı oynamaq mənim üçün çətin olacaq.
- Hər dəfə "Qarabağ” adı eşidəndə sanki acıqlı danışırsan...
- Xeyr, mənim "Qarabağ”la heç bir problemim olmayıb. Qurban Qurbanovla bu günün özündə də münasibətim var. Sadəcə, bir ağdamlı kimi, "Qarabağ”a qarşı oynamaq çətin olacaq.
- Meydanda görünən odur ki, hələ də "İnter”ə uyğunlaşmamısan...
- Yavaş-yavaş olacaq. Birdən-birə Amerika yarana bilməz. İnşallah 4-5 oyundan sonra hər şey qaydasına düşəcək.
- "İnter” üçün kubok, yoxsa çempionat daha önəmlidir?
-"İnter” iki cəbhədə də mübarizə aparır. "İnter” uzun müddətdir kuboku qazana bilmir. Medallar üçün mübarizə aparacağıq.
- "İnter” və "Zirə”nin avrokuboklara buraxılmaq şansı azdır. Bunu bilə-bilə oyunlara necə motivasiya olursunuz?
-Bu barədə düşünmürük. Meydana çıxdıqda yalnız oyunumuz barədə fikirləşirik. Mənim fikrimcə bu problem həll olunacaq və "İnter” növbəti ildə də Azərbaycanı avrokuboklarda təmsil edəcək.
- "İnter”ə gəlməklə milli komandaya yolunun kəsildiyini düşünmürsən?
- "Qəbələ”yə getməmişdən əvvəl "İnter” mənimlə maraqlanırdı. Amma mən "Qəbələ”yə keçməyi üstün tutdum. Buna, səhv addım deməzdim. Sadəcə, qismət bu idi. Buna da şükür.
saytlarin hazirlanmasi