"Heç vaxt rəqabətdən çəkinməmişəm"
Xəbər verdiyimiz kimi, Rövnəq Abdullayev ardıcıl 3-cü dəfə AFFA prezidenti seçilib.
Sportal.az xəbər verir ki, Abdullayev hesabat-seçki konfransından sonra mətbuat konfransı keçirib:
"Az öncə İcraiyyə Komitəsi ilk iclasının keçirdi və mühüm qərarlar qəbul olundu. İlk öncə AFFA-da Media Komitəsi yaradıldı. Bu komitə jurnalistlərdən ibarət olacaq və böyük işlər görüləcək. Yeni komitələr təsdiq olundu. AFFA vitse-prezident vəzifəsində dəyişiklik olmadı və Elxan Məmmədovun müqavilə müddəti artırıldı.”
- Bayaq qeyd olundu ki, bölgələrdə futbola böyük maraq var. Növbəti mövsümdə bölgə klubları Premyer Liqaya cəlb olunacaqmı?
- Biz bölgə futboluna böyük dəstək veririk. Gördüyümüz işlərin nəticəsi var. Bölgə klublarının Premyer Liqaya cəlb olunmasına çalışacağıq.
- Yeni seçilən İcraiyyə Komitəsinin bəzi üzvləri mətbuatla sıx əlaqədə olmurlar. Necə düşünürsünüz, bir-birimizlə sıx əlaqədə olmalı deyilikmi?
- Hamı mətbuata açıq olmalıdır. Kimin mətbuata nə qədər açıq olması onun xasiyyətindən asılıdı. İlk növbədə Elmar Məmmədyarova bizim təklifimizi qəbul etdiyinə görə, təşəkkür edirəm. Qurban Qurbanov da futbolumuza böyük xeyir verib. Düşünürəm ki, onların mətbuata daha yaxın olması məhz sizin özünüzdən asılıdı.
- Elmar Məmmədyarovun İcraiyyə Komitəsinə gətirilməsi futbolumuza nə qədər xeyir verəcək?
-Bayaq dediyim kimi, Məmmədyarov özü İcraiyyə Komitəsinə gəlmək istədi. İnanıram ki, Məmmədyarovun gəlişi bizə daha da xeyir verəcək.
- Elmar Məmmədyarovun gəlişindən sonra futbolumuzun siyasiləşdiyini düşünmürsünüz?
- Deməzdim ki, belədir. Futbol siyasətdən kənardır.
- Məlum olduğu kimi, prezidentliyə namizədlər arasında tək mübarizəyə qoşulmuşdunuz. Maraqlıdı, kiminlə mübarizə sizin üçün daha həyəcanlı olardı?
- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Kimsə namizədliyini irəli sürməyibsə, deməli, bu əziyyəti öz üzərinə götürən yoxdur.
- Çempionatda rəqabətin azalması ilə razısınızmı?
- Bir az hiss olunur. Bilirsiniz ki, klublarda müəyyən sponsor problemləri var. Avropanın əksər ölkələrində klublar arasında müəyyən qədər fərq var. İspaniyada və istənilən aparıcı ölkə çempionatlarda vəziyyət belədir. Çempionatın səviyyəsinin aşağı düşməsi azarkeşlərimizdən asılıdır. Azarkeşləri televizorlardan stadionlara gətirmək lazımdır. Azarkeşsiz stadionda futbolçular da həvəssiz oynayır. Son illərdə "Kəpəz” azarkeşləri ilə çempionata rəng qatıb. Azarkeş dəstəyinə görə, "Kəpəz” lider komandalar qarşısında istənilən oyunu sərgiləyə bilir.