"Komandamızda yeganə problem maliyyə məsələsidir"
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun Sportal.az saytına müsahibəsi:
- Namizədliyinizi geri götürdünüz...
-Bu haqda açıqlama vermişəm. Şərt deyil ki, mütləq seçilim. Əsas odur ki, futbola xeyrimiz dəysin.
- Yeni gələnlər haqda nə söyləyə bilərsiniz?
- Hər birinə uğurlar arzulayırıq. Əlimizdən gələn köməkliyi edəcəyik.
- Sizin seçkilərə saatlar qalandan sonra çəkilməyiniz söz-söhbətə səbəb oldu...
- “Xəzər Lənkəran” həmişə öz addımlarında müstəqil olub. Bundan sonra da belə olacaq. Biz namizədliymizi irəli sürəndə və götürəndə AFFA-nın bundan xəbəri olmayıb. “Xəzər Lənkəran”ın futbolumuzda inkişafı böyükdür. Bunu hər kəs bilir. Arzu edirəm ki, digər klublarında bizim kimi akademiyası və infrastrukturu olsun.
- “Xəzər Lənkəran”da maliyyə durumu necədir?
- Komandamızda yeganə problem maliyyə məsələsidir. Klub olaraq çıxış yollarını axtarırıq. Futbolçular maaşlarını alırlar. Gecikmələr azalır. Bu gün heç bir borcumuz yoxdur. Yalnız FİFA-ya cərimələr ödənməlidir. Heyətimizdə gənc oyunçular var. Düzgün yoldayıq. Çalışmalıyıq ki, futbolumuzu yaşadaq.
- Mətbuatda Xaqani Məmmədovla söz-söhbətiniz düşdü...
- Bizim fikirlərimiz həmişə müstəqil olub. “Neftçi” ilə oyunu hamı izləyib. İcmala da baxanda hər şey göz qabağında idi. Hakimin qərarına Xaqani Məmmədov bildirir ki, referi səhv edib. Daha sonra deyir ki, bu oyunun nəticəsinə təsir etməyib. Özünüzü mənim yerimə qoyun. Nə hisslər keçirərsiniz? Söhbət ondan gedir ki, heyətdə oynayan futbolçuların hamısı gənclərdir. Onlar gələcəkdə millidə çıxış edəcəklər. Mən çox dərinə getmirəm. Sosial şəbəklərdə də artıq geniş yayılıb ki, hakim futbolçumuzu təhqir edib. Hakimlər komitəsinə 1 milyon 800 min manat vəsait ayırılıb. Çıxıb hesabat versinlər ki, nəyə xərclənib pullar. Komitədə bu qədər vəsaitə elə işləmək lazımdır ki, heç kim səhv tutmasın. PFL o səviyyədə çempionat keçirir, amma Hakimlər Komitəsi yarışı sıfıra endirir. Oyundan 1 gün əvvəl “Neftçi” özü hakimlərdən narazı idi. Əgər biz də belə etsək, deyəcəklər ki, uğursuzluğu hakimlərin üstünə atmaqda görürlər.
- Əgər yerli hakimlər vacib oyunlarda səhvlərə yol verirlərsə, niyə əcnəbi hakimlərin gətirilməsi müzakirə edilmir?
- Biz o məsələni qaldırmışdıq. 10 klubdan 9-u davamlı olaraq şikayət edir. Mənə maraqlıdır ki, Hakimlər Komitəsindən niyə bir ölçü götürülmür? 1 milyon 800 min manat vəsait ayrılıb. Bu vəsaitlə Azərbaycanda 4 ortabab klubu saxlamaq olar. Bu, az məbləğ deyil.
- “Real Ovyedo” Elnur Cəfərovu pulsuz transfer etmək istəyir?
- Pulsuz söhbəti deyil. Bu transfer "Xəzər Lənkəran"ın beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirovun nəzaritəndədir. Danışıqlar gedir. Məncə, yekunlaşmaq üzrədir. Bizim məqsədimiz odur ki, Elnur ölkəmizi və klubumuzu xaricdə təmsil etsin.
saytlarin hazirlanmasi