Amil Yunanov: "Ulduz xəstəliyi"ndən söhbət gedə bilməz" MÜSAHİBƏ

18:24 - 14 Mart 2016

"Bu uğursuzluğa tezliklə son qoyacam"
 
"Sumqayıt"ın hücumçusu Amil Yunanov "Sumqayıt" 0 - 2 "Qarabağ" matçından sonra Sportal.az saytına müsahibə verib.
 
- Amil, qış fasiləsinə qədər işlərin yaxşı gedirdi, 4 görüşə 6 qol vurdun. Amma sonradan enişdəsən, oyunun alınmır...
- Bunun nə ilə bağlı olduğunu heç özüm də bilmirəm. İnşallah, yaxşı olar. Vallah, söz tapmıramki son oyunlarda göstərdiyim oyuna nəsə deyim.
 
Bəlkə “ulduz xəstəliyi”nə tutulmusan?
- Bunu mətbuatda çox yazırlar. Hansı saytı açıram, görürəm ki, mənim “ulduz xəstəliyi”nə tutulmağımdan yazırlar. Boş şeydi vallah, 5-6 dənə qol vurmuşam. Artıq nə etmişəm ki? Buna görə  məndə arxayınlıq yarana bilməz. Bəlkə komadamın hücum futboluna çox da üstünlük verməməsi oyunuma təsir edir. Bəlkə də başqa səbəbdən alınmır, deyə bilmərəm. Bu barədə konkret bir söz demək çətindi. Qış fasiləsindən sonra da meydana çıxdığım oyunlarda bir neçə dəfə qol vurmaq imkanlarım oldu, istifadə edə bilmədim. “Ulduz xəstəliyi” fikri ilə razılaşmıram, hər dəfə buna rast gələndə özüm də xoşlanmıram. Mənə pis təsir edir. Hər şey qaydasındadı, sadəcə, axır vaxtlar qol vura bilmirəm. Ümid edirəm ki, bu uğursuzluğu tezliklə son qoyacam.
 
- Özünü 90 dəqiqə oynamağa hazır hesab edirsən?
- Bəli, özümü hazır sayıram. Yadınızdadısa, qış fasiləsindən qayıdandan sonra hardasa ardıcıl 3-4 oyun meydana start heyətində çıxdım. İlk dəfə bir az çətinlik oldu, sonra gördüm ki, 90 dəqiqə oynaya bilərəm.
 
- Yanvarda Serbiyadan təklif almışdın, getməməyinə peşman deyilsən?
- Yox, bəlkə getsəydim, daha pis olardı mənim üçün. Kim bilir, bəlkə orda heç oynamaq şansı qazanmazdım. Artıq özümü toparlamalıyam, çempionat yavaş-yavaş başa çatır. Məşqlərdə daha çox çalışmalıyam, yəqin.
 
- Komandanızın prezidenti Kamran Quliyev açıqlamasında bildirdi ki, futbolçular yanvara qədər göstərdikləri oyunu indi sərgiləyə bilmirlər. Səncə, bunun səbəbi nədədi?
- Əlbəttə, klub prezidenti ilə razıyam. Bundan özümə də pay götürürəm. Klub rəhbərliyi bizdən yaxşı oyun gözləyir. Onlar da istəməz ki, uğursuz çıxış edək. Özünüz də görürdüz ki, qış fasiləsinə qədər komanda son 6-7 oyunda, demək olar ki, çox yaxşı çıxış etmişdi. Amma üçüncü dövrə başlayandan oyunumuz nəsə alınmır. İki matçı çıxmaq şərtilə, qalanlarını zəif oynamışıq. Hamımız əlimizdən gələni edirik, sadəcə, alındıra bilmirik.
 
- 4 oyuna 6 qol vurdun, milliyə namizəd göstərilirdin. Ancaq yanvardan bu yana kölgəyə çəkildin...
- Bilirəm, çox istəyərdim ki, milli komandaya dəvət alım. Ancaq indi baş məşqçidən şans gözləmirəm. Çünki son vaxtlar özümü göstərə bilmirəm. Ona görə inanmıram və Robert Prosineçkinin dəvət edəcəyini də, açığı, gözləmirdim.
 
- Mövsüm sonunda “Sumqayıt”dan ayrılacaqsan?
- Belə vəziyyətdə, yəqin ki, komanda məni saxlayacaq. Özümü düzəltməliyəm, daha yaxşı çıxış etməliyəm.
 
Mehman Əşrəfov

Xəbər xətti