Mirhüseyn Seyidov: "Atletik"in Avroliqadakı uğurlarında öz əziyyətimizi görürük" MÜSAHİBƏ

21:30 - 17 Mart 2016

"Çempionatda məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır"
 
“İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seydiov Sportal.az saytına müsahibə verib.
 
- “Rəvan”la oyunda əvvəlki Seyidovu görə bilmədik. Formanızı hələ bərpa etməmisiniz?
- Son 3 ay idi ki, zədəmə görə rəsmi oyun keçirmirdim. Ancaq məşqlərlə kifayətlənirdim. Uzun müddət idi ki, yaşıl meydanlardan uzaq qalmışdım. “Rəvan” la oyunda 90 dəqiqə oynadım. İlk hissədə oyunun taleyini həll etdik. İkinci hissədə yaxşı oynamadıq və hesabı qoruduq. Öz oyunumu bərpa etməyə çalışacam. Bu, çətindir. Oyunun tempini tutmaqda çətinlik çəkdim. İnşallah oyundan-oyuna hər şey düzələr.
 
- “İnter” həm kubokda, həm də çempionatda mübarizə aparır. İki cəbhədə mübarizə aparmaq üçün gücünüz çatacaq?
- Çempionatda məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Hazırda ilk “üçlüy”ə düşmək üçün gərgin mübarizə gedir. Çalışacağıq ki, çempionatda yüksək yeri tutaq. Kubokda isə finala yüksəlmək istəyirik. Bu dediklərimi sözlə deyil, meydanda etməliyik.
 
- Maliyyə durumu “İnter”in oyununa necə təsir edir?
- Yayda maliyyə söhbətləri var idi. Amma bəzi futbolçular var ki, komandanı çətin vəziyyətdə qoyub getmədilər. Onlara təşəkkür edirəm. Öz oyunumuzu oynadıq. Düzdür, ilk vaxtlar maaşlarımızda problemlər var idi. Avroliqada yaxşı iştirak etdik. Az maliyyə olsa da futbol oynamaq istəyirik. Yay aylarına baxanda indi vəziyyətimiz çox fərqlidir. Rəhbərlik bizə qayğı göstərdi. Bu da oyunçular üçün əlavə motivasiyadır. Hazırda “İnter”in vəziyyəti yaxşıdır. Maliyyədən heç bir çətinliyimiz yoxdur.
 
- “İnter”in avrokuboklardan kənarda qalmaq təhlükəsi var. Bu amil futbolçulara necə təsir edir?
- Hazırda rəhbərliyimiz bu işlə məşğuldur. Biz çalışıb avrokuboklara vəsiqə qazanmalıyıq. Biz əgər avrokuboklara vəsiqə qazansaq, rəhbərlik bizim əziyyətimi yerdə qoymaz. Nə lazımıdrsa, edəcəklər ki, ölkəmizi təmsil edək.
 
- Sabiq komandanız “Neftçi” hazırda çempionatda zəif çıxış edir. “Neftçi”ni bu halda görmək sizə necə təsir edir?
- Çətindir... “Neftçi”nin adı, tarixi var. Mənə doğma olan komandadır. Əgər bu gün istənilən komanda “Neftçi”dən 1 xal alırsa, buna sevinməlidir. Mən heç vaxt doğma komandamı 7-ci pillədə görmək istəməzdim. “Neftçi”nin qıraqda qalması çempionata da öz təsirini göstərir. Yəqin ki, bu problem yaya qədər davam edər. Ordan ayrılmağım rəhbərliyin verdiyi qərar idi. Bir-iki nəfərə görə, “Neftçi” haqda artıq-əksik danışa bilmərəm. Bu gün yenə də “Neftçi”də dostlarım var. Hətta azarkeşlərlə belə dost kimiyik.
 
- Sizcə, “Neftçi” bu vəziyyətdən çıxa biləcək?
- Mənim fikrimcə, bəli. “Neftçi”ni dirçəltmək üçün lazım olan adamı yəqin ki, taparlar. O zaman Hans Yurgen Gedenin vaxtında da indiki kimi idi. Amma Sadıq Sadıqovun gəlişi ilə hər şey qaydasına düşdü.
 
- Bəlkə rəhbərlik uduzmağa öyrəşib?
- O zaman “Neftçi”də olduğum zaman belə bir söz var idi ki, 2-ci pillə ilə 8-cipillənin heç bir fərqi yoxdu. Heç bir rəhbər istəməz ki, işi qaydasında getməsin. “Neftçi”də hər məğlubiyyəti asan şəkilə bağışlamırlar.
 
- Yayda müqaviləniz bitəcək. Komanda ilə müqaviləni uzadacaqsınız yoxsa başqa təklifləri dəyərləndirəcəksiniz?
- Zaur Svanadzeyə həm insan kimi, həm də məşqçi kimi böyük hörmətim var. Bu komandaya gəlməyimdə də onun rolu var. O özü məni komandaya şəxsən dəvət etmişdi. Amma indidən bu haqda danışmağım tezdir. Türkiyə PTT I Liqasında oynamaqdansa, elə Bakıda oynamaq daha məqsədəuyğun hesab edirəm. Amma hazırda “İnter”də hər şeydən məmnunam. Rəhbərliklə pul söhbəti etməyim düz alınmaz. 7 il “Neftçi”də oynamışam. İllik məvacibi gedib öyrənməmişəm. Maaş alandan alana... Bu da, dostluqdan, qardaşlıqdan irəli gəlir. İnşallah danışarıq və bu komanda ilə yollarımıza davam edırik.
 
- Bu gün sizi avrokuboklardan kənarlaşdıran “Atletik” Bilbao klubu Avroliqanın 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Valensiya” ilə üz-üzə gələcək. Ümumiyyətlə avrokuboklarda hansı komandaya azarkeşlik edirsiniz?
- Azarkeş kimi ispan komandalarının oyununu izləyirəm. “Atletik”in oyunlarını TV-də izləyəndə fəxr edirəm. Bu komandanın 1/8 final mərhələsinə qədər irəliləməsi gücündən xəbər verir. Bu vəziyyətə sevinirəm. Çünki “Atletik” bizi məğlub etmişdi. “Atletik” Bilbaonunun Avroliqadakı uğurlarında öz əziyyətimizi az da olsa, görürük (gülür). Çox istəyirəm ki, onlar finala qədər irəliləsinlər və Avropa Liqasının qalibi olsunlar.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti