I Divizionu ləğv edin və ya Qusar olaylarına sözardı YAZI

13:37 - 19 Mart 2016

Bütün bu olanlardan AFFA və PFL rəhbərliyi də dərs çıxarmalıdır
 
Dünən Qusarda keçirilən və qalmaqalla yadda qalan "Şahdağ" - "Ağsu" matçında baş verənlər haqda danışmaq istəyirəm. Bu gedişat I Divizionun sonunun heç də yaxşı yerə getmədiyini göstərir. Sonluq çox pis son ola bilər. Çünki "bardaq" olan yerdə sonluq həmişə acınacaqlı olur. Bu gün bizim I Divizion heç bir inkişafa xidmət etməyən, sadəcə, görüntü üçün həvəskar şəkildə keçirilən bir çempionatdı. Oyunların videoicmallarını izləyərkən matçların oynanıldığı stadionlardan, meydançalardan, ab-havadan bunu hiss etmək olur. Konkret dünənki oyuna gəlincə, bu haqda ətraflı yazmışıq. Baş hakim Xəlil Xəllilov "Ağsu"nun qapısına penalti təyin edir, "Şahdağ" qol vurur, sonra hakim qərarını dəyişib zərbəni təkrarlayır. Səbəb kimi də onu göstərir ki, qırmızı vərəqə alan "Ağsu"nun futbolçusu penalti vurulanda meydançanı tərk etməmişdi. Bunu da baş hakimə dördüncü hakim Anar Niyazov xəbər verib. Bəli, qaydalarda göstərilir ki, hansısa futbolçu qırmızı vərəqə alırsa, oyunu davam etdirmək üçün hakim mütləq həmin futbolçunun meydançadan və texniki zonadan da kənarlaşmasını gözləməlidir. Görəsən Xəlil Xəlilov bunu bilmir? Belə çıxır ki, o, "Ağsu"nun  futbolçusuna qırmızı vərəqə göstərəndən sonra onun meydançadan çıxmasını sona qədər izləməyib. Bu isə hakimin çox böyük səhvidir. 
 
İkinci məqam. Anar Niyazov təcrübəli hakimdi, neçə illər elitada hakimlik edib. Deyək ki,  Xəlil Xəlilov qaydaları bilmir. Bəs Anar niyə vaxtında ona xəbər vermir ki, ay kişi, o fiti ağzına aparma gözlə bu futbolçu meydançadan çıxsın? Mən burda "Şahdağ"ın futbolçusunu qınamıram. Çünki o, qeyri-qanuni heç nə etməyib. Hakim fitini verib o da gəlib qolunu vurub. Xəlil Xəlilov qaydaları bilmirsə, bunun altını "Şahdağ" çəkməlidir? Axı o, vaxtında qırmızı verdiyi futbolçunun meydançadan çıxmasını gözləyib sonra penatiyə icazə versəydi, nə "Şahdağ"ın haqqı yeyilərdi, nə də bu qalmaqal olardı.

Gəlim "Ağsu"nun futbolçusunu elədiyi qeyri-etik jetsə. Həmin futbolçu o hərəkətyi ilə qeyri-peşəkar olduğunu sübut etdi. Futbolçunun işi futbol oynamaqdı, futbolçu azarkeşə qeyri-etik jest göstərməz. Çünki o jestdən sonra beyni dönmüş azarkeş meydançaya girəndə vəziyyət yaxşı olmur.  Videodan da görünür ki, "Ağsu"nun futbolçuları dabanlarına tüpürüb qaçırlar. Amma şortik-mayka ilə hara kimi qaçacaqsan? 1500 azarkeş tökülüb "Ağsu"nun futbolçularını şillə-təpiyin altına salsa buna görə kim cavab verəcəkdi? O jesti edən futbolçu getsin Allaha şükür eləsin ki, özü və komanda yoldaşları sağ-salamat Qusardan çıxa bilib.  

Bütün bu olanlardan AFFA və PFL rəhbərliyi də dərs çıxarmalıdır. I Divizion bundan sonra da bu cür keçiriləcksə onu ləğv edin heç keçirməyin. I Diviziondakı mübarizənin əsas səbəbi odur ki, yüksək yer tutanlar Premyer Liqaya yüksəlsin. Bizim I Divizionda bu, yoxdursa demək o çempionatı keçirməıyin də mənası yoxdur. Bu gün I Divizion əsl "bardaq", qumarxanadı. Komandalar da həvəskar səviyyəli. Limiti də elə qoyublar ki. elə bil universitetlər arası çempionatdı. 23 yaşdan yuxarı futbolçu oynaya bilməz. Ya ləğv eləyin getsin ya da normal çempionat keçirdin.

Qusarın stadionunda futbol oynamağa icazənin özü bir cinayətdir. O cür stadionda futbol oynamazlar. İnsan həyatı üçün birbaşa təhlükədir. O boyda rayonda normal bir stadion saxlamaq belə müşkül məsələdi? AFFA, yerli icra hakimiyyəti hara baxır?  Adam deməyə söz tapmır əsl BİABIRÇILIQDI!
 
Anar XANLAROV (Rekord.az)

Xəbər xətti