"İstəyirəm ki, “Qarabağ” çempion olsun"
"Kəpəz"in futbolçusu Namiq Ələsgərov Sportal.az saytına müsahibə verib.
- “Bakcell Arena”ya atdığınız papağa 3 xal qoydular...
- Oyuna qalib gəlmək üçün çıxmışdıq. Çox sevinirəm ki, 3 xal bizim oldu. Məqsədimizə çatdıq.
- İkinci hissədə nə baş verdi ki, hesab bərabərləşdi. Sizcə, hesabı qorumaq fikri səhv addım idi?
- Özümüz də başa düşməşdik ki, nələr baş verdi. Fasilədə belə danışmışdıq ki, ilk hissədə nümayiş etdirdiyimiz oyunu ikinci hissədə də oynayaq. “Neftçi” fasilədən sonra yaxşı oynadı və iki qol vurmağa nail oldu. Lakin qələbə bizim oldu.
- İkinci hissdə hakimdən narazı deyildiniz? Qapınıza təyin olunan penalti epizodu haqda nə söyləyə bilərsiniz?
- Tam dəqiq görə bilmədim. Ona görə də bu epizodla bağlı nəsə deməyim düzgün olmazdı. Hakimdən narazı qalmadıq.
- “Neftçi”ni məğlub etməklə 11 illik həsrətə son qoydunuz...
- Bu haqda oyundan əvvəl məlumatlı idik. Bu, əlavə motivasiya idi. Bu tilsimi qırmaq üçün meyadana çıxmışdıq.
- İlk hissədən fərqli olaraq, ikinci hissədə Ayltonla mübarizədə bir qədər çətinlik çəkdiniz...
- Ağır oyun idi. Nə deyim vallah...
- Millimizin təlim-məşq toplanışına dəvət almısınız. Robert Prosineçki sizinlə söhbət edib?
- Belə söhbətimiz olmayıb. Amma verdiyi açıqlamalarda mənə güvəndiyini bildirir. Prosineçkiyə buna görə təşəkkür edirəm
- “Kəpəz” avrokuboklara vəsiqə qazanarsa, Gəncə təmsilçinidə qalacaqsınız yoxsa “Qarabağ”a dönəcəksiniz?
- Bu haqda heç nə bilmirəm. Fikirləşməmişəm. Mövsümün sonunda qərar veriləcək.
- “Qarabağ” “Qəbələ”ni məğlub etdi və çempionluğa bir addım da yaxınlaşdı. Doğma komandanın çempion olacağına inanırsınız?
- İstəyirəm ki, “Qarabağ” çempion olsun. Amma çempionatının bitməsinə 10 tur var.
- Robert Prosineçki azərbaycanlı futbolçulara xaricdə oynamaq üçün “yaşıl işıq” yandırır. Sizə belə təklif olarsa, razılaşarsınız?
- Belə bir söhbət yoxdu. Amma istəyərəm ki, xaricdə oynayım. Kim istəməz ki, Avropada oynasın?
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi