"Avropa Liqasında oynamaq istəyirik"
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Sportal.az-a müsahibə verib.
- “Neftçi” üzərində qazanılan qələbədən danışardınız...
- Layiqli qələbə qazandıq. İlk hissədə üstün tərəf biz idik. İki qol vurduqdan sonra müdafiəyə xəttinə daha çox fikir verdik. Bu səbəbdən “Neftçi” təzyiqi daha da artırdı və hesabı 2 – 2 etdi. Amma şükürlər olsun ki, qələbə qazandıq.
- Hesab 2 – 2 olanda üçüncü qolu buraxacağınızdan qorxmadınız?
- “Neftçi” hesabı bərabərləşdirəndən sonra psixoloji üstünlüyə yiyələnmişdi. Amma qələbə qazanacağımıza inanırdıq.
- Oyunda son nöqtəni siz qoydunuz. Amma rəqib bu qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia edirdi…
- Top mənim qarşıma "Neftçi"nin oyunçusundan gəldi. Orada hər şey qaydalar çərçivəsində idi. Tər-təmiz qol vurdum.
- 11 illik fasilədən sonra “Neftçi”ni məğlub etdiniz. Bu sizin üçün əlavə motivasiya idi?
- "Kəpəz" neçə il idi ki "Neftçi"yə qalib gələ bilmirdi. Bu haqda oyundan əvvəl məlumatllı idik. Bu, bizdə döyüşmək üçün əsl səbəb idi. Çox sevinirəm ki, bu tilsimi qırdıq.
- “Kəpəz”in Avropa Liqası üçün şanısını necə dəyərləndirirsiniz?
- Avropa Liqasında oynamaq istəyirik. Bunu hansı klub istəməz? Əlimizdən gələni edəcəyik ki, buna nail olaq. Bunun üçün daha çox çalışmalıyıq.
- Elə də böyük büdcəniz yoxdur. Qazanılan uğurların sirri nədir?
- Sizinlə razılaşıram. Bizim büdcəmiz elə də çox deyil. Amma komandamızda yaxşı əhval-ruhiyyə var.
- Belə bir xəbər eşitmişik ki, "Kəpəz"də maaşlar 2 aydır ki, verilmir…
- Maaşımız bu ay gecikmişdi. Yalnız 5 gün gecikdi. Amma ondan əvvəl heç bir gecikmə olmamışdı.
- Gəncəyə oynamağa gələn komandalar ot örtüyündən şikayətlənir. Rəqibləriniz bunun sizin üçün əlavə bir üstünlük olduğunu düşünür. Belə fikirləşənlərin cavabını necə verərdiniz?
- Vallah mənim kiməsə cavab vermək niyyətim yoxdu. Biz də Bakıda məşq edib, Gəncəyə gedirik. Rəqib necə ki, oyundan bir gün əvvəl gəlib məşq edir, biz də elə edirik. Bütün həftəni Gəncədə məşq edib hazırlaşsaq, bu, başqa məsələ. Bizim Gəncədə yeganə üstünlüyümüz azarkeş dəstəyidir.
- Qarşıda sizi bu mövsüm iki dəfə heç-heçə etdiyiniz debütant "Zirə" ilə oyun gözləyir. Həmin oyunda Ebah sizə kömək edə bilməyəcək...
- Təəssüf ki, Ebah oynamayacaq. Bu, bizim üçün böyük itkidir. Buna baxmayaraq, biz “Zirə”ni də məğlub etməyə çalışacağıq. Hədəfimiz 3 xaldır.
saytlarin hazirlanmasi