"Bu cəzaya görə AFFA-dan narazılığım yoxdur"
AFFA İntizam komitəsinin qərarı ilə 12 aylıq futboldan uzaqlaşdırılmış "Neftçala"nın futbolçusu Aqşin Həşimlinin Sportal.az-a müsahibəsi:
- "Turan Tovuz"la matçda baş verənlərə aydınlıq gətirərdin...
- Ötən il orda “Turan Tovuz”la oyunda onlarla bir az narazılığımız olmuşdu. Həm futbolla bağlı, həm də futboldan kənar. Vaxtı qəsdən gecikdirmələr, tez-tez yıxılmalar və s. kimi şeylər bizdə aqressivlik yaradır. Bütün komandalardakı kimi bizdə də hər oyun bir hədəf olur, o da 3 xal. Bu qarşılaşmada da bizim üçün pis oldu, bəxtsizlik oldu. Kadrlara baxsanız görərsiniz, rəqib futbolçular 5 dəqiqədən bir yerə yıxılırlar, hakim də həkimləri meydana çağırır, futbolçu da deyir, heç nə yoxdur oynayıram. Qapıçının oyunda 2-3 dəfə butsılarının ipi açılır. Oyunda əks-hücuma çıxırıq, bir də görürük kimsə yerə yıxılır. Qarşılaşmada tez əvəzləndim, artıq onların hərəkətindən sonra artıq kənardakılar da əsəbiləşmişdi. Bizim kapitan Nakim Vəliyevlə onların futbolçusu arasında mübahisə yarandı, bir də eşitdim ki, deyirlər rəqib futbolçu bizim kapitana tüpürdü. Başımı qaldırdım ki, artıq dava gedir, elə bil rəqibin də ürəyindən idi ki, oyunda provokasiya olsun. Kadrda görünür ki, rəqibin 20 nömrəli futbolçusu məni sinəmdən vurdu və bundan sonra dava düşdü. Artıq həmin vaxt adam o qədər hirsli olur ki, qırmızı vərəqə haqda fikirləşə bilmir. Əlbəttə, biz çalışmalıydıq, dava-dalaş düşməsin, amma alınmadı.
- I Divizion oyunlarında qalmaqalsız qarşılaşma olmur. Amma nadir hallardandır ki, kimsə 12 aylıq yarışlardan uzaqlaşdırılır. Bu qərarı haqlı sayırsan?
- Açığı, haqlı cəzaydı. Bəlkə də stadionda olsaydım, deyərdilər oyun zamanı olub. Amma ehtiyat skamyadan meydana belə girməyim düzgün deyildi. Oyundan sonra eşitdim ki, Oqtay Abullayev, Maşallah Əhmədov kimi veteran futbolçular qarşılaşmanı izləyirmişlər, bu zaman özüm pis oldum ki, onlar komandalara baxırlar, istəmirəm ki, mənə görə komandam pis yadda qalsın. Biz isə pis tərəfdən yadda qaldıq. Mənə 1 illik cəza veriblər, gözləyirdim ki, məni birdəfəlik futboldan silələr. Bu cəzaya görə AFFA-dan narazılğım yoxdur.
- Amma rəqib “Turan Tovuz”dan heç bir futbolçu futboldan 12 aylıq uzaqlaşdırılmadı...
- Bu mənə də maraqlıdır. İstəməzdim ki, hansısa futbolçu futbolsuz qalsın. Amma ən çox mənə cəza verildi, burda da qərəzli fikir görmədim.
- Bir futbolçunun 1 il futbolsuz faciəvi haldır və bir ildən sonra karyeranı davam etdirəcəksən?
- Əlbəttə, mənim üçün faciəvi sayıla bilər, amma komandam üçün belə sayılmır. Karyeramı artıq indidən başa vurdum. Demək olar ki, futbolla vidalaşdım. Amma əgər Apelyasiya komitəsinə müraciət edib müsbət cavab alsaq, yəni cəzamın bir müddəti bağışlansa, o zaman oynaya bilərəm.
- Sənin futboldan gedişin Zidanın DÇ-dən sonra qalmaqallı gedişinə bənzədi. Futbolla qalmaqallı şəkildə vidalaşmağın sənə təsir edəcək?
- Bu bənzətməni doğru saymazdım, biri var düna çempionatında belə hadisə olsun, biri də Azərbaycanın I Divizionunda. Amma onu deyim, qalmaqalla getməyim, əlbəttə təsir edəcək, istəyərdim ki, yaşımla bağlı, yəni fiziki durum yaxşı olmayanda futboldan uzaqlaşım. Məşqçilik haqda da heç fikirləşmirəm, futboldan birdəfəlik gedirəm.
saytlarin hazirlanmasi