Ramin Musayevdən "Qarabağ", "Qəbələ", "İnter" və "Zirə"yə zərbə QEYD

00:02 - 26 Mart 2016

Nelson Bonilla, Nika Kvekveskiri və başqaları bu turu buraxacaqlar 
 
Azərbaycan futbolu o qədər absurd mənzərələrlə doludur ki, artıq nəyəsə təəccüblənmək olmur. Premyer Liqanın 27-ci turu da belə hadisələrdən birinə səhnə olacaq. 
 
Məsələ burasındadır ki, bir çox ölkələrdə milli komandaların oyunları ilə əlaqədar çempionat matçlarına ara verilsə də, bizim PFL-in “uzaqgörən”rəhbəri Ramin Musayev buna ehtiyac görməyib və martın 30-a tur salıb. Onun rəhbərlik etdiyi qurum belə hesab edib ki, martın 26-da keçirilən milli (Azərbaycan – Qazaxıstan) oyunundan bir neçə gün sonra çempionat oyunlarını keçirmək mümkündür. Ancaq nədənsə digər millilərdə oyunçuları çıxış eləyən klubları nəzərə alan olmayıb və ya nəzərə almaq mümkün olmayıb. Böyük ehtimalla təqvimdə səhvə yol verən PFL elə sıxışıb ki, indi məcburən belə bir addım atmalı olub. 
 
Hər necə olur-olsun, PFL-in bu məsuliyyətsizliyinin acısını "Qarabağ", "Qəbələ", "İnter" və "Zirə" çəkməli olacaq. "Neftçi" ilə vacib oyunda "İnter" əsas oyunçularından biri Nika Kvekveskirinin xidmətindən məhrum olacaq. Çünki Nikanın şərəfini qoruduğu Gürcüstan millisi martın 29-da Qazaxıstan yığması ilə üz-üzə gələcək. "Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov Serbiya ilə matçda olacaq.
 
"Qarabağ"lılara gəlincə, Şehiç Bosniya və Hersoqovinanın heyətində İsveçrəyə, Ansi Aqolli isə Albaniyanın heyətində Lüksemburqa qarşı mübarizə aparacaq. "Zirə"nin qol silahı Nelson Bonilla isə Salvadorun heyətində dünya çempionatının seçmə mərhələsində Hondurasla oyunda iştirak edəcək. 
 
 
SPORTAL.AZ

Xəbər xətti