Tanınmış jurnalist Qazaxıstanla matç barədə: "Rövnəq Abdullayevin dedikləri yuxudur"

01:00 - 27 Mart 2016

"İndiki AFFA rəhbərliyi də bunu həyata keçirmək iqtidarında deyil"
 
Millimiz 2016-cı  ilin ilk yoxlama oyununda Qazaxıstan yığmasına 0:1 hesabı ilə məğlub olub.
 
Qarşılaşma haqda tanınmış jurnalist Natiq Muxtarlı öz fikirlərini Sportal.az-la bölüşüb:
 
"Əslində, milli komandaya bir oyuna görə qiymət vermək düzgün deyil və nəzərə almaq lazım idi ki, 2016-cı ilin ilk oyunuydu. Amma ümumi Azərbaycan futbolunun səviyyəsini götürdükdə, milli komandamızdan gözlənilən oyun gördük. Bu oyunda millimiz öz potensialından 20-30 faiz aşağı görünürdü. Bu 20-30 faizi aradan qaldırsaq belə, bu milli Qazaxıstanla başabaş mübarizə aparacaq gücdə deyil. Qazaxıstanın ölkə çempionatı yeni başlayıb, baş məşqçilərinin təyinatı rəsmiləşməyib, onlarda problem bizdən çox idi. Azərbaycan futbolunda niyə milli bu səviyədədir deyiriksə, bizim potensialımız budur, bundan artığına gücümüz çatmır. Təsəvvür edin, millimiz "Neftçi"nin hücumçusu Ruslan Qurbanova möhtacdır. Bu o "Neftçi"dir ki, çempionatda çıxışı göz qabağındadır, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və ya "Sumqayıt"ın futbolçusundan hansı nəticəni gözləyək? Elvin Məmmədov, Əfran İsmayılov bu oyunda heç nəylə yadda qalmadı. Xətlərarası problemləri də aradan qaldırmaqla millinin potensialını maksimum 30 faiz qaldırmaq olar, başqa heç nə. Etiraf etmək lazımdır ki, bu milliylə, bu futbolçularla heç  nəyə nail ola bilməyəcəyik. Rövnəq Abdullayev martın 11-də yenidən prezident seçildikdən sonra çıxışında bildirdi ki, "məqsədimiz AÇ-2020-in final mərhələsinə qatılmaqdır". Rövnəq Abdullayevin dedikləri yuxudur, xülyadır. ".
 
Muxtarlı Azərbaycan futbolunun çatışmazlıqlarından da danışıb:
 
"Çempionatımızın bombardirlər siyahısına baxsaq, görərik ki, ilk sırada əcnəbilər qərarlaşıb. Millimizin oyunçuları da əsasaən bu çempionatın futbolçularında ibarətdirsə, heç nəyə nail ola bilmərik. Millimiz DÇ-2018-də nəticə qazanmağa vəd vermir, futbolumuzun problemi futbolçular deyil, səbəb isə yeni futbolçuların yetişdirilməsi üçün şərait yoxdur. Rusiyanın idman naziri və Futbol Federasiyasının prezidenti Vitali Mutko bildirib ki, 2008-ci ildən Rusiya futbolunda heç nəyə nail olmamışıq və dedi ki, 70-80 akdemiya seçib bunlara 100 milyonlarla pul xərcləyəcəyik. Eyni problemlər bizdə də var, amma Mutkodan fərqli olaraq Rövnəq Abdullayev bunları etiraf etmir, AFFA-nın büdcəsi nə qədər uşaq futboluna yatırılmayınca, Azərbaycan futbolu düzələsi deyil, yalnız millimizin təsadüfi qələbələrinə sevinəcəyik. Uşaq futbolunun olması üçün böyük infrastruktur lazımdır və bunu da gərək ağıllı adamlar həyata keçirsin. İndiki AFFA rəhbərliyi də bunu həyata keçirmək iqtidarında deyil,  bunlara nə onların başı, nə də həvəsi yoxdur".

Xəbər xətti