Tahir Süleymanov: "Foqtsları Prosineçkilər, Prosineçkiləri də Foqtslar əvəzləyəcək"

18:18 - 27 Mart 2016

"Bu gedişlə də 2036-cı ilə gedib çıxacağıq"
 
Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Qazaxıstan – Azərbaycan (1:0) oyunu ilə bağlı Sportal.az saytına fikirlərini bildirib:
 
T. Süleymanov yarımmüdafiə xəttinin zəif oyun nümayiş etdirdiyini vurğulayıb
 
“Prosineçki bu oyuna sıradan bir oyun kimi baxırdı. Mənim fikrimcə, ən problemli yerimiz yarımmüdafiə xətti oldu. Nazarov, Abdullayev və Qarayev meydanın mərkəzini ələ keçirə bilmədilər. Qara Qarayev daha çox dağıdıcı futbolçudur. Adlarını çəkdiyim futbolçularda yaradıcılıq yoxdur. Araz Abdullayevin əsas üstünlüyü sürətində və daha texnikalı olmasındadır. Bu mövqrdə o çətinlik çəkməli idi və bu gözlənilən idi".
 
T. Süleymanov klubunda ehtiyatda qalan futbolçuların milliyə dəvət olunması sualına belə cavab verib:
 
“Məsələn Cavid Tağıyevi bu siyahıya aid etmək olmaz. Çünki “Qarabağ”da rəqabət güclüdür. Orada heç bir futbolçu öncədən fikriləşmir ki, mən bu oyunda start heyətdə oynayacam. Dəfələrlə görmüşük ki, “Qarabağ”da təcrübəli futbolçular ehtiyat oyunçular skamyasında əyləşiblər. Pavel Paşayev, Məhəmməd Mirzəbəyovu bu siyahıya əlavə etmək lazımdır. Hətta Foqtsun vaxtında da yığmaya Almaniyanın aşağı liqalarından futbolçular cəlb edilirdi. Prosineçkilər Azərbaycan futbolunu düşünməyəcək. Bu haqda biz düşünməliyik, maraqlanmalıyıq. Ortaya yaxşı bir layihə qoymaq lazımdır. Uğursuz layihələr lazım deyil. Bizə nəticə verməlidir. Bu, tək Prosineçkinin işi deyil. Yaxşı gənc futbolçularımız var. Onlardan yaxşı istifadə etməliyik. Uşaq futbolunda təbliğat aparılmalıdır. Foqtsları Prosineçkilər, Prosineçkiləri də Foqtslar əvəzləyəcək. Bu gedişlə də 2036-cı ilə gedib çıxacağıq. Bacarıqlı, istedadlı futbolçularımız da əldən çıxacaq. Bu baxımdan bu məsələlərə ciddi yanaşmaq lazımdır. Bu yaxınlarda Rusiyanın idman naziri və Futbol Federasiyasının prezidenti Vitali Mutko bildirib ki, 2008-ci ildən Rusiya futbolunda heç nəyə nail olmamışıq və dedi ki, 70-80 akdemiya seçib bunlara 100 milyonlarla pul xərcləyəcəyik. Onlar səhvlərini etiraf ediblər. Çox təəssüflər olsun ki, bizdə uğursuz layihələrə don geyindirilir”.

Xəbər xətti