"Rəşad Sadıqov meydanda olmayanda qapıçının işi daha çətin olur" MÜSAHİBƏ

11:04 - 30 Mart 2016

"Heç kim milliyə tapşırıqla gəlmir"

 

Millimizin qapıçısı Kamran Ağayevlə Qazaxıstanla oyundan sonra həm görüş barədə, həm də Rəşad Sadıqovun əvəzlənməsindən sonra vitse-kapitan olsa da, sarğının ona keçməməsi haqda fikirlərini öyrənməyə zərurət var idi. 30 yaşlı qolkiper məğlubiyyətin səbəbləri barədə geniş fikir bildirsə də, “sarğı problemi”ndən danışmaqdan boyun qaçırdı.

 

Sportal.az xəbər verir ki, hər halda, təcrübəli əlcək sahibi xeyli maraqlı məqamlara toxundu.

 

- İlk olaraq son yoxlama oyunu barədə fikirlərini almaq istəyərdik. Qazaxıstanı da uda bilmiriksə, kimə qalib gəlməliyik?
- Bu ölkənin yığması bizimlə eyni səviyyədədi. Son zamanlar futbola xeyli sərmayə yatırıblar. Elitar legionerləri cəlb etməklə, ölkə çempionatlarının da səviyyəsini qaldırıblar. Səhv etmirəmsə, vaxtilə “Arsenal”ın şərəfini qorumuş Andrey Arşavin də Qazaxıstan çempionatına keçmək ərəfəsindədi. Bu, məsələnin bir tərəfi. Digər yandan da matçın rəsmi olmaması. Bu cür oyunlarda baş məşqçi müxtəlif taktiki sxemləri yoxlayır, çatışmazlıqlara diqqət yetirir, yeni oyunçuları sınayır, futbolçuları fərqli mövqelərdə oynadır. Bütün bu amillər oyunumuza təsirsiz ötüşə bilməzdi. Robert Prosineçki daha yüksək hədəflər barədə düşündüyü üçün Almaniya, Çexiya, Norveç kimi rəqiblərə qarşı oyun modellərini yoxlayır. Ümumilikdə, pis oynamadıq. Amma nəticə ürəyimizcə olmadı. Yenə də standart vəziyyətdən sonra qapımızda qol gördük. Ancaq yuxarıda qeyd etdiyim kimi, məğlubiyyətin obyektiv səbəbləri var idi.

 

- Rəşad Sadıqov əvəzlənərkən, hansı hissləri keçirdin?
- Rəşad yığmamızın lideridi. Onun əvəzinə meydançaya daxil olan Tərlan Quliyev də xoş təsir bağışladı. Amma Sadıqov olmayanda qapıçının işi daha çətin olur. Onun təcrübəsinin milliyə çox xeyri dəyir.

 

- Bəs kapitan sarğısı...
- Bu haqda danışmaq istəmirəm.

 

- Bilirsən, sualı sənə vitse-kapitan kimi yox, azərbaycanlı kimi ünvanlayıram. Yəni, demirəm ki, nəyə görə sarğı Kamran Ağayevə verilmədi, söhbət bu sarğını qeyri-azərbaycanlının daşımasından gedir. Millidə əbədi nə oyunçu var, nə də məşqçi. Milli millətin olub, var, olacaq da! Bu üzdən də sualı azərbaycanlı Kamran Ağayevə verirəm, millinin qapıçısı Kamran Ağayevə yox.
- Nə qədər varam, bu milləti təmsil etməyimlə qürur duyuram. Bu gün qapını qoruyuram, sabah futbolçu karyeramı bitirdikdən sonra tələb olunduqda əsgər kimi sərhədlərimizi qoruyacam. Ancaq inanın ki, həmin an kapitan sarğısı yadıma düşmürdü. Heyətdə dəyişikliklər edilirdi. Baş məşqçi yeni tapşırıqlarını verirdi. Bütün diqqətimiz onun təlimatlarında idi.

 

- Bəs heyət? Necə düşünürsən, qışdan bəri klubunda start heyətinə düşə bilməyən futbolçunun milliyə dəvət alması və 3-4 günlük turist kimi Türkiyəyə gedib-gəlməsi nə dərəcədə düzgündü?
- İstənilən baş məşqçinin xüsusi simpatiya bəslədiyi oyunçular olur. Bunda da qəribə bir şey yoxdu. Hər bir mütəxəssisin futbola öz baxış bucağı var. Götürün Arda Turanı. “Barselona”da start heyətinə düşmür, amma Türkiyə yığmasını kapitan sarğısı ilə çıxarır.

 

- Ancaq “Barselona”nı istənilən Azərbaycan klubuyla müqayisə edə bilmərik. Elə onu da nəzərə alaq ki, milliyə dəvət alan Arda meydançaya çıxır. Söhbət “turist” futbolçulardan gedirsə, bəs?
- Başa düşürəm kimi nəzərdə tutursunuz. Ancaq biz futbolçuyuq axı. Baş məşqçi verdiyi tapşırıqları çıxıb yerinə yetirməyə çalışırıq. Elə bir oyunçu yoxdu ki, barəsində “ilk 11-likdədi”, deyə biləsən. Heyəti baş məşqçi müəyyənləşdirir. Meydançaya da həmin an üçün ən hazırlıqlıları, daha çox fayda verənləri çıxır. Amma bir məqamı da nəzərə almaq lazımdı ki, autsayder komandanın heyətində daim oynayan futbolçu, iddialının heyətində əvəzdə qalan oyunçudan zəif olur. Çünki daha iddialı klubun heyətində həmin mövqedə legioner oynaya bilər. 

 

- Hər halda dünən Pavel Paşayevlə bağlı sualımızı cavablandran respondentlərimiz – Tural Axundov və İlkin Qırtımov autsayder klubların şərəfini qorumurlar. Paşayev isə azərbaycanlı uşaqların yerini tutur.
- Heç kim milliyə tapşırıqla gəlmir. Hər futbolçunun özəl xüsusiyyətləri var. Az öncə qeyd etdiyim kimi, hər məşqçinin daha çox bəyəndiyi futbolçu olur. Məsələn, Berti Foqtsun dövründəkindəki və indiki heyətləri müqayisə edin: yerlə göy qədər fərq var. Məşqçilərin fəlsəfəsi fərqli olur (futbolinfo.az).

Xəbər xətti