"Mənə maraqlı deyil"
Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-ın qonağı olan "Kəpəz" 0:3 hesablı məğlubiyyətlə üzləşib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
- Allah şəhidlərimizə rəhmət eləsin. Açığı, ötən oyundan sonra yorğunluq var idi. Bu oyunda rəqibə müdafiədən hücuma çıxmağa imkan verməmək istəyirdik. Aydının oyunu məni sevindirir. Artıq qollarını sıralayır. Bu oyunda rəqibdən çəkinirdik. Başda Rail olmaqla hamısına təşəkkür edirəm. Bizi qarşıda daha çətin oyunlar gözləyir.
- Stadionun sirri nədi?
- Bunu rəqib axtarsın. Mənə maraqlı deyil. Bu meydançada daha istəkli oynayırıq. Biz rəqib meydanda da qalib gəlmişdik. Sadəcə, öz meydanımızda daha aqressiv oluruq.
- Avrokubokları düşünmək həyəcan yaratmır?
- Bu haqda hələ düşünmürük. Amma şans varsa, yararlanmaq istəyirik. Çalışıb, oyunumuzla buna nail olmalıyıq.
- Artıq uğur azarkeşləri tribunaya qaytarıb...
- Bəli, razıyam. Uğur olduqca, azarkeşlərdə də maraq yaranır.