"Bu, futbolçuya yaraşmayan hərəkətdir"
Premyer Liqanın 28-ci turunda "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra "Sumqayıt"ın qolkiperi Səlahət Ağayev Sportal.az saytına müsahibə verib.
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Son dəqiqələrdə qol buraxmaq heç də xoş deyil. Ədalətli nəticə heç-heçə idi.
- Nurlan Novruzovla mübahisə etdiyiniz epizodda nələr baş verirdi?
- Heç nə. Nurlan da futbolçudur. İstəyir ki, komandası qələbə qazansın. Amma belə də yox da. “Zirə”də ondan başqa futbolçular var. Nurlan Novruzov azərbaycanlıdır. Yerli oyunçumuzdur. Bir az əsəbləşdim. Gəlib, dayanıb düz qabağımda. Sözün düzü, onun belə etməsi mənə maneçilik törətmirdi. Sadəcə, bu, futbolçuya yaraşmayan hərəkətdir.
- Samir Abasov mətbuat konfransında bildirdi ki, mənim futbolçu olduğum zamanlarda Nurlan Novruzov mənə qarşı bu cür hərəkət edə bilməzdi...
- Bu nəyinki, Samir müəllimə, heç kimə xoş olmazdı. Yaxşı hərəkət deyil. Nurlana iradım budur ki, özünü yığışdırsın. Demirəm ki, oynamasın. Oynasın. Komandası üçün çalışsın, mübarizə aparsın, qollar vursun. Azərbaycanlı futbolçudur. Legioner olsa, heç demərəm.
- Ümumiyyətlə, sizi çox sakit bir futbolçu kimi tanıyırlar...
- Mən kiminsə üstünə qışqırmağı, dava-dalaş etməyi xoşlamıram. Məndə bu tip xarakter yoxdu.
- “İnter”də çıxış etdiyiniz zaman müdafiəçilərə irad bildirmirdiniz. Amma “Sumqayıt”da müdafiəçilərə tez-tez əsəbləşirsiniz...
- Onlar mənim komanda yoldaşlarımdır. Bəzi epizodlarda olanda olur. Qapıda olduğum üçün oyunu daha yaxşı görürəm.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Yeniləmək fikriniz var?
- Bu haqda fikirləşməmişəm. Mövsümün sonunda bütün suallara aydınlıq gələcək.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi