AFFA-nın ötən gün keçirilən İntizam Komitəsinin iclasında Birinci Divizionun 4-cü turu çərçivəsində reallaşan “Zaqatala” – “Kəpəz” oyununda baş verən hadisələrə qiymət verilib.
Oyunun 90+3-cü dəqiqəsində “sarı-göylər”in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.
Sportal.az xəbər verir ki, Eltac Mirzəyev meydançanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb. Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında heç də bir mənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.
Oyun zamanı idmançıya yaraşmayan aqressiv hərəkət etdiyi üçün meydandan qovulan hücumçu komandasını azlıqda qoymaqla pis vəziyyətə salıb. Meydançanı tərk edəndə isə şərəfini qoruduğu kluba qarşı hörmətsizlik göstərib. Bütün bunlar nəzərə alınmaqla futbolçunun bir aylıq məvacibi kəsilib və bir müddət məşqlərdən kənarlaşdırılıb.
Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Eltac Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.
saytlarin hazirlanmasi