“Neftçi” ilə “Keşlə” arasında keçirilmiş yoxlama oyunundan sonra təşçkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər veror ki, o, əvvəlcə 2:1 hesablı qələbəni şərh etdi:
- 3 ay futbol oynamayandan sonra cəmi 7 günlük məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdı. Hər iki komandaya təşəkkür düşür. Böyük risklər var. Futbolçuların fiziki durumu yerində deyil. Üstəlik, hava da çox isti idi. Amma futbolçular əzmkarlıq göstərib tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmazlıqlarımız çoxdu. Amma bunların üzərində işləmək üçün vaxtımız var.
- Dario Federiko “Neftçi”də istənmədiyini deyib...
- Onun bizimlə müqaviləsi var. Elə bir danışığımız yoxdu ki, klub onu istəmir. Bu gün oyunundan razı qaldım.
- Mustivar alışmadığı mövqedə - müdafiənin sol cinahında oynayırdı. Necə təsir bağışladı?
- Rəsmi oyun olmadığı üçün orda yoxlamaq istədik. Orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi.
- Ömər Buludovun olmaması nə ilə bağlı idi?
- Məşqdə zədələnmişdi. Ona görə risk etmək istəmədik.
- Baqali Dabonun gedəcəyi deyilirdi? Bu məsələ nə yerdədi?
- Düşünürəm ki, sona qədər bizimlə olacaq.
- Xaqani Məmmədovun məşqçilər korpusuna gələcəyi haqda xəbərlər var...
- Bilmirəm, bu xəbərlər necə çıxır. Belə bir şey yoxdu. O, “Qəbələ”də işləyir. Bizim planımızda heç vaxt belə bir şey olmayıb. Əgər bir məlumat yazılırsa, həmin məşqçinin işlədiyi yer üçün də ziyan olduğunu da düşünmək lazımdı. Onu “Neftçi”yə gətirmək planımız yoxdu.
- “Neftçi” həftə sonu üçün “Qəbələ”yə gedəckmi?
- Bakıda qalacağıq.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev:
"Belə bir planımız var idi. Ancaq heyət çoxdu. Biz özümüz də təhlükəsizlik baxımından ehtiyat edirik. Buna görə özümüzü sığortalamağa çalışırıq".