Samir Abasov: "Yaxşı hücumçuların müqavilələri var"

16:01 - 11 Fevral 2021

"Qış transfer dönəmində hücumçu tapmaq həddindən artıq çətin idi. Yaxşı forvardların hamısının klubları ilə sözləşmələri var. Yeni hücumçumuzun pis olduğunu da demirəm. Sözlərim bu anlama gəlməsin".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov bolqarıstanlı yeni transferləri Əhməd Əhmədov haqqında danışarkən deyib.

 

43 yaşlı mütəxəssis bildirib ki, qış transfer dönəmində əsasən 2-3 hücumçunun üzərində dayansalar da, onların keçidi alınmayıb: "Onların bura gəlmələri mümkün deyildi. Son anda Bolqarıstanın SSKA (Sofiya) klubundan Əhməd Əhmədov təklif edildi. Klub onu icarəyə vermək istəyirdi, biz isə araşdırdıq və oyunçuya baxdıq. Açıq deyəcəyəm, seçimimiz elə də çox deyildi. Bu, o anlama gəlməsin ki, Əhmədovu məcburiyyətdən götürmüşük. Xeyr, belə deyil. Mən mətbuat konfransında da bildirmişdim ki, belə olacağı təqdirdə, hücumçu götürməyəcəyik. Hansısa keyfiyyətləri bizi qane etdiyi üçün onun üzərində durduq. Baxmayaraq ki, seçimimiz çox deyildi".

 

Abasov Əhmədovun "Neftçi"də uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Əhməd MOİK-dən əvvəl iki klubda daha yaxşı mövsüm keçirib və Sofiya təmsilçisinin diqqətinə düşüb. "Pomorye"də 25, "Dunav"da 14 qol vurub. Bütün bunlar nəzərə alındı. Oynadığı çempionat baxımından da götür-qoy etmişik. Komandaya xeyir verəcəyinə inanımız var. Sadəcə, sual yarana bilər ki, niyə 4 aylıq müqavilə bağlanıb? Bu, iki klubun arasındakı anlaşma idi. SSKA da bu futbolçuya inanır. Öz oyunçusu kimi saxlamaq niyyətindədir və birdəfəlik buraxmaq istəmir. Haradasa oynamağını və təcrübə qazanmasını məqsədəuyğun saydılar. Özləri də hücumçu alıblar. Bu müddət bizim üçün də yaxşıdır. Allah eləməsin, oyunu alınmasa, birdəfəlik götürmək kimi riskə də girməmişik. Ümid edirəm ki, 4 ay ərzində bəhrəsini görəcəyik. Xeyirli olsa, klublar oturub danışacaqlar və gələcəklə bağlı qərar verəcəklər. Bu, mənə aid olmayan məsələdir. Hazırda bizə sərf edən 4 aylıq icarəyə götürülməsi idi. Belə başa düşürəm ki, bu, qarşı tərəfə də sərf edir. Əsas odur ki, xeyirli olsun" (Report).

 

Əhməd Əhmədov Bolqarıstanın SSKA (Sofiya) klubundan mövsümün sonunadək icarəyə götürülüb.

Xəbər xətti