"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 20-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Hər iki komanda matça itkilərlə çıxmışdı. Bizdə Emin Mahmudovun yoxluğu hiss olundu. Bəzi məqamlarda çətinliyimiz oldu. Şükürlər olsun, qalib gəldik. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Amma inanırıq ki, problem olmayacaq. A milliyə neçə nəfərin getdiyini bilmirik. Bu, məşqlərimizə 100 faiz təsir edəcək. Hazırda Fəhmin Muradbəyli zədəlidir. Həkimlər çox əlləşir. Məşqdə bəladan qurtardı. Ayağı sına bilərdi. Əhməd Əhmədovun əzələsi də dartılma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq".
Baş məşqçi yeni transfer Keysuke Hondanın məşqə çıxdığını söyləyib: "Fərdi məşqçisi ilə individual olaraq məşq edir. 3 gündən sonra komanda ilə hazırlıqda iştirak edəcək. Fiziki durumu ilə bağlı nəsə demək çətindir. Fasilədə yoxlama oyunu keçirməm istəyirik. Orada Hondanın durumunu daha yaxşı görəcəyik".
Abasov komandanın motivasiyalı oynamasının Hondanın gəlişi ilə bağlı olmadığını söyləyib: "Əksinə ilk hissədə çox top itirdik. Məncə, elə də yaxşı oynamadıq. Sadəcə, bu oyunda qələbə çox önəmli idi".
Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə ikinci qolu vuran Stiven Jozef-Monrozun etdiyi jestə aydınlıq gətirib: "Ötən gün məşqdə klubumuzun prezidenti Kamran Quliyev Stiven Monroza demişdi ki görünmürsən. Bu gün futbolçumuz o jesti ilə zarafatla cavab verdi ki, mən burdayam".
saytlarin hazirlanmasi