Medianın İnkişafı Agentliyinin layihəsi
XIII YAZI
Ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi yönündə görülməli olan işlər barədə silsilə yazılarımızda AFFA-da milli komandaların skautu vəzifəsində çalışan İlqar Qurbanovun da fikirlərinə yer ayırmaq qərarına gəldik. “Fənərbaxça” kimi nəhəng klubun akademiyasında yetişən birinin uşaq futbolunda məsləhətlərinin dolğun olacağı dəqiqdir. İlqar bəy ilk olaraq “Fənərbaxça”ya gedişi, o vaxt orada gördükləri barədə danışdı:
"Fənərbaxça"ya getməmişdən əvvəl "Neftçi"də İslam Kərimovun rəhbərliyi altında oynayırdım. Həmişə "Neftçi"də yaxşı futbolçular olurdu. İslam Kərimov ən kiçik detallara kimi fikir verən məşqçidir. Təəssüf ki, indi bizdə elə məşqçilər yoxdur. 1999-cu ildə "Fənərbaxça"ya baxışa getdim. Orada bir neçə oyun oynadım və məni qəbul etdilər. Atama iş verdilər, özümə məşq etmək, qalmaq üçün yaxşı şərait yaratdılar. Həmin dövrdə "Fənərbaxça"nın akademiyası yaxşı futbolçular yetişdirirdi. Aşağı yaş qruplarında çox təcrübəli məşqçilər var idi. Akademiyada təcrübəli məşqçilərin olması çox böyük rol oynayır. Onların da yanında gənc məşqçi yetişməlidir. Hazırda Türkiyə futbolu bu problemi yaşayır. Ona görə də inkişaf yoxdur. Çünki daha çox gənclərə şans verirlər. Cavanlar futbolçu kareyaralarını başa vurub məşqçilik edir deyə, çox da təcrübələri olmur. Buna görə də çətinlik çəkirlər. Dünyanın hər yerinə baxsaq görərik ki, gənc məşqçilər təcrübəli məşqçilərin köməkçiləri olur.
"Fənərbaxça"da demək olar ki, hər 3-4 aydan bir Niderland, Belçika, Almaniya kimi ölkələrə turnirlərə gedirdik. Bütün yaş qrupları turnirlərdə iştirak edirdi, orada təcrübə qazanırdıq. "Ayaks", "Bavariya", "Herta", "Anderlext" kimi komandalara qarşı oynamaq futbolçulara çox böyük təcrübə verirdi. Yadıma gəlir ki, həmin dövrdə məşqçilərimiz də tez-tez xaricə kurslara gedirdilər. Bir çox məqamlar var idi. Bizim qaldığımız baza o dövrə görə çox yüksək səviyyədə idi. Balaca, böyük bir neçə meydança, trenajor zalları var idi, fərdi məşqlər keçirilirdi. Hələ mən Türkiyə futbolunu Avropadan uzaq hesab edirəm. Təsəvvür edin ki, biz Avropadan nə qədər uzaqdayıq”.
Türkiyə keçmişinə səyahət eləyən İlqar Qurbanov daha sonra Azərbaycan futbolu reallığına keçid etdi. Onun AFFA-da işə başlamasından xeyli vaxt keçməsə də, bilirik ki, bir ildən çox vaxt ərzində İlqar bəy demək olar bütün liqaları, ümumilikdə ölkəmizdə bütün uşaq futbolunu diqqətdə saxlayır. Təbii ki, belədə mövcud çatışmazlıqlar barədə məlumatlı, görülməli olan işlər barədə təsəvvür malikdir. Gənc mütəxəssisin uşaq futbolu barədə fikirləri həm dolğun, həm maraqlıdır:
“Bildiyiniz kimi karyeramı yeni bitirmişəm. Oynadığım dövrdə uşaq futboluna diqqət yetirməyə o qədər də vaxtım olmurdu. Amma imkan tapdıqca gedirdim və görürdüm. Hətta fikirləşirdim ki, uşaqlarım böyüyəndə futbola yazdırım, yoxsa yox. İndi də qorxduğum başıma gəlib. Övladlarım artıq futbol oynayacaq yaşdadır. Təəssüf ki, neçe yerə aparmışam, meydançalar bərbaddır. Süni örtüklü meydançalar sanki betondur. Futbolçunun orada yetişməsi qeyri-mümkündür. Uşaqlar 15 yaşa kimi gəlirlər, şikəst olurlar. Aşağı yaş qruplarına baxın. Hər komandada ön çarpaz bağlar, meniks, əzələ zədələri çoxdur. Çünki, süni meydançada "amartizasiya" yoxdur. Biz əvvəllər torpaqda, palçıqda, kələ-kötür meydançalarda oynayırdıq. Orada ən azından biz şikəst böyümürdük, zədələrimiz az olurdu. Baxmayaraq ki, məşqə piyada gedirdik, çox imkansız ailələrdən uşaqlar var idi, ac gəlib ac qayıdırdılar.
Ümumiyyətlə nə olursa, hamısı birmənalı olaraq sistemli şəkildə olmalıdır. Sistemsiz şəkildə heç bir iş irəli gedə bilməz. Bir sistemi qurursansa, birinci o sistemə inanmaq lazımdır. Bir ildən sonra qərar dəyişdirmək olmaz ki, alınmadı, layihəni təxirə salaq. Sistemə inanmaq, onun üstündə işləmək lazımdır.
Uşaqları hazırda ölkədən kənara çıxarmaq çox çətindir. Məsələn, bizim yerli futbolçular Türkiyəyə gedə bilmir. Çünki pasport məsələsi var. Uşaqlar aşağı yaş qruplarının çempionatında oynaya bilmirlər. Onlar qərar qəbul ediblər, sadəcə öz yetişdirdikləri oyunçuları oynadırlar. Ona görə də bizim futbolçuları ölkədən kənara çıxarmaq çox çətindir. Hər yerdə pasport tələb olunur.
Uşaq futbolunu izləməyə gedirəm. Hər dəfə də çox məyus oluram. Adam baxmaq istəmir. Valideyinlərə adamın yazığı gəlir ki, bu uşaqların futbolçu olacağına ümid bəsləyirlər. Amma çox çətindir. Son illərdə futbolçu yetişməməyin səbəbi şəraitin yaxşı vəziyyətdə olmamasıdır.
Bir çox müsahibələrimdə demişəm, mənə bir klubumuz desin ki, hər il məşqçilərimizi oxumağa, komandaları turnirlərə göndəririk. Heç bir klub bunu deyə bilməz. Bəlkə də on ildən bir göndərərlər, ya göndərməzlər. Büdcə, pul olmasa, razılaşaram. Amma hər şey var axı. Bir futbolçu adı deyim. Məsələn Cavid Hüseynov yenicə karyerasını bitirib. Gedib uşaq futbolunda işləmək istəsə, öyrənmirsə, nə qədər xeyir verə bilər? Avropada dərs keçmirsə, xarici ölkələrin klublarında kurslara qatıla bilmirsə, yalnız öz bildiyini verə biləcək, bir səviyyədə qalacaq. Aşağı yaş qruplarında işləyən məşqçilərin 80 faizini tanımıram. 25 il futbol oynamışam, amma çoxunu tanımıram. Keçmiş futbolçulardan da soruşanda “niyə məşqçi işləmirsən”, cavab verirlər ki, 500 manata necə işləyim? Düz deyirlər. Məşqçi işləyənlərin çoxu futboldan kənar adamlardır, pula ehtiyacı var deyə işləyir.
Rəqabət aparılır. Uşaq futbolunda rəqabət ümumiyyətlə olmamalıdır. U-17-nin məşqçisinin hədəfi o olmalıdır ki, U-19 komandasına yaxşı oyunçu versin. Rəhbərlik də tələb etməlidir ki, əsas komandaya oyunçu versin. Gedin aşağı yaş qruplarına baxın, qırğındır. Hakim bir tərəfdən, valideyinlər o biri tərəfdən. Avropanın bir çox yerlərində oynamışam, gedib baxmışam, heç yerdə belə bir şey görməmişəm. Hakimlər oyunu yaxşı idarə edir, baş məşqçilər məğlubiyyəti normal qəbul edirlər.
Bizdə ən böyük xəstəlik də odur ki, gözləyirik bir oyunçu nə vaxt parlayacaq. Gözləməməliyik. 18-19-20 yaşa çatdı, parlamadısa, digərinə şans verməliyik ki, o, dayanmasın. Amma biz biz gözləyirik ki, 20 yaşında olan futbolçu nə vaxt parlayacaq. 20 yaşına kimi özünü göstərmədisə, artıq ondan maksimum nəsə gözləmək düzgün deyil. Onun yerinə 17-18 yaşında olan uşaqlara şans vermək lazımdır. Belə etdikdə yeni oyunçular çıxa bilər. Avropada görürük ki, hər komandada hər il təxminən 10 gənc futbolçu ən azından heyətdə yer alır. Onlardan minimum 3-4-ü komandada qalır. Digərlərini ya icarəyə verirlər, ya da satırlar. Nəsli davam etdirmək lazımdır. Bizdə təəssüf ki, elə deyil. Biz 30 yaşına kimi gözləyirik ki, bundan nəsə olacaq.
Bir meydançada 20 komanda məşq edir. Saat tamam olan kimi bir komanda çıxır, digəri meydançaya girir. Bir saatla, 45 dəqiqə ilə futbolçu yetişməz. Futbolçu məşqdən sonra qalmalıdır, fərdi məşq etməlidir, bazada yeməyini yeməlidir. Biz istəyirik ki, uşaq öz-özünə futbolçu olsun. Bu, qeyri-mümkündür. Əvvələr Zaurlar, Samirlər, Qurbanlar, Mahmudlar, Vidadilər var idi. Bunlar hamısı individual, istedadlı, xarakterli oyunçular idi. Amma indi elə nəsil gəlmir axı. Həmişə örnək veririk ki, əvvəllər uşaqlar oynayırdılar. Onda individual idi, xarakter var idi, başqa cür nəsil idi. Amma indi elə nəsil gəlmir, dünyanın heç bir yerində yoxdur".
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi