Azərbaycan milli komandasının sabiq müdafiəçisi Rasim Ramaldanov Sportal.az saytına açıqlama verib. O, yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Tallində Estoniya üzərində qazandığı qələbəni şərh edib:
"Millimiz səfərdə çox yaxşı futbol oynadı. Əsasən də ilk yarıda. Bu komandanı məğlub edə bilərdik, bunu da reallaşdırdıq. Əslində, Bakıdakı matçda da onları udmalıydıq. Amma oyun istədiyimiz kimi getməmişdi. Tallindəki oyunda hansısa futbolçumuzu ayrı-ayrılıqda fərqləndirməzdim. Oyun göstərdi ki, yaxşı, keyfiyyətli oyunçularımız var".
Ramaldanov, Canni De Byazinin Estoniya üzərində qazanılan qələbədə pay sahibi olduğunu deyib: "Hərənin öz fikri var, amma komandanın sükanı arxasında məşqçi dayanıb və onun işi sözsüz ki, var. Amma tam dəqiqliklə nəsə demək üçün gərək biz də onun içində olaq, onun işini görək".
Yığmamızın veteran futbolçusu gələcək oyunlarla bağlı pozitiv olduğunu bildirib: "Ümidvaram ki, sonuncu qələbəmiz deyil. Allah qoysa, daha inamlı oynayacağıq. Avstriya çox sürətli, dinamik komandadır, yaxşı keyfiyyətlərə malik olan oyunçulara sahibdirlər. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, istədiyimiz nəticəni əldə edərik. Çətin və maraqlı oyun olacaq. Canni De Byazinin postunda qalıb-qalmayacağı məsələyə gəlincə, səbrli olaq və tsiklin sonunda hər şey bilinəcək".
Mirbağırağa