Millimizin sabiq üzvü 2011-ci ildəki matçı xatırladı: "Avstriya millisinin keyfiyyətli oyunçularının çox olması məğlubiyyətimizə gətirib çıxarmışdı"

11:39 - 16 Oktyabr 2023

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşacaq. Milli komandamız son dəfə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriyanı(1:4) 2011-ci ildə Bakıda qəbul edib. Həmin görüşdə start heyətində meydana çıxmış futbolçulardan biri Vurğun Hüseynov idi. Yığmamızın sabiq üzvü Sportal.az saytına açıqlamasında 2011-ci ildə rəqibinə 1:4 hesablı məğlubiyyətini xatırlayıb:

"Oyun çox yaxşı yadımdadır. "Dalğa Arena"da oynayırdıq. Təəssüf ki, uduzmuşduq. Bizim üçün çətin oyun alınmışdı. Çünki rəqibin futbolçularının hər biri güclü liqalarda oynayırdı. Güclü rəqibə qarşı azlıqda oynamaq ikiqat çətin olmuşdu. Çünki hansısa zonada boşluq verən kimi bizi cəzalandıracaq usta futbolçular var idi. Avstriya millisinin keyfiyyətli oyunçularının çox olması məğlubiyyətimizə gətirib çıxarmışdı".

Hüseynov, milli komandamızın həmin vaxtkı heyət ilə indikini müqayisə edib: "O vaxtkı millimiz də güclü idi, ancaq indiki millimizi daha perspektivli hesab edirəm. Çünki həm cavan futbolçularımız, həm də legioner həyatı yaşayan oyunçularımız çoxdur. Gələcəkdə nəticələrimiz daha da yaxşı olacaq".

O, sonda millinin bu gün Avstriya ilə görüşdə uğurlu nəticə qazanacağına inandığını söyləyib: "Çox çətin oyun olacaq. Çünki rəqib bizi məğlub edəcəyi təqdirdə, Avropa çempionatına vəsiqəni demək olar ki, həll edəcək. Düşünürəm ki, heç-heçə bizim üçün yaxşı nəticə olacaq. Millimizə uğurlar arzulayıram".

Mirbağırağa

Xəbər xətti