Montella: "Xoşbəxtəm, çalışacağıq ki, istədiyimiz bütün məqsədlərə çataq"

12:18 - 16 Oktyabr 2023

Türkiyə millisi Latviyaya 4:0 hesabı ilə qalib gələrək 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqəni təmin edib.

Sportal.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella buna görə xüsusi qürur hissi keçirdiyini bildirib: "Mənim üçün çox yaxşı gündür, çox xoşbəxtəm. Oyunumuzda yaxşılaşdırmalı olduğumuz bəzi məqamlar var, onları gördüm. Diqqətimiz onlara yönəldib, üzərində işləyəcəyik. Çalışacağıq ki, istədiyimiz bütün məqsədlərə hazırlıqlı şəkildə çataq".

O, Latviya ilə matçın çətin keçdiyini etiraf edib: "4:0 hesablı qələbəyə baxmayaraq, ikinci hissənin bəzi hissələrində rəqibin təzyiqi altında olduq. 1:0-dan sonra ritmi bir az aşağı saldıq və geri çəkildik. Bunu inkişaf etdirə bilərik. Çünki bilirik ki, daha yaxşısını bacararıq. Ona görə də biz mütləq buna diqqət yetirəcəyik"

İtaliyalı məşqçi, komandasının 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına qrup qalibi kimi yollanmaq şanslarından da danışıb: "Bu mövzuda heç bir hesablama aparmamışam. Çünki ilk məqsədimiz final mərhələsinə vəsiqə qazanmaq idi, Almaniyaya yollanmaq. Bunu etdikdən sonra təbii ki, iştahımız da artacaq. Qarşıda daha bir oyunumuz qalıb. Birinci yer üçün də oynaya bilərik".

Xəbər xətti