Azərbaycanlı futbol məşqçisi, milli komandamızın keçmiş futbolçusu Ramin Quliyev Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisini bu gün Avstriyaya qarşı matç gözləyir. Estoniya üzərində qazanılan qələbədən sonra millinin Avstriyaya da qalib gələcəyini ehtimal edirsiniz?
- Estoniya üzərində qələbə çox önəmliydi. Çünki qrupda qələbəmiz yox idi. Komandamız layiqli qələbə qazandı. Bu qələbənin davamı Avstriya ilə oyunda gəlməlidir. Ümid edək ki, belə də olacaq. Estonlara Bakıda da qalib gəlməliydik. Sadəcə görünür ki, uşaqlar bu məğlubiyyətlərdən nəticə çıxarıblar. Hazırkı millimiz çox yaxşı nəticələrə layiqdi.
- Tallindəki qələbə komandaya böyük inam qazandıracaq? Avstriyanı nəyin hesabına məğlub edə bilər milli?
- Yuxarıda qeyd etdiyim kimi, qələbədən sonra komandada özünəinam artır və bunun davamı Avstriya ilə oyunda gəlməlidir. Avstriya millisinin 5 əsas oyunçusunun olmamasına gəlincə, bu da bir şansdır. Amma kimin oynayıb-oynamayacağından asılı olmayaraq oyuna ciddi hazırlaşmaq lazımdır.
- Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinin milli üçün hansı təsiri ola bilər? Çoxdandır ki, yığma bu stadionda oyuna çıxmırdı...
- Oyunun Tofiq Bəhramovda keçirilməsi həmişə maraqlıdır. Bu, istər oyunçular, istərsə də azarkeşlər üçün belədir. Həmin stadion hamımız üçün həmişə doğmadır. Məncə, stadionda yetərincə azarkeş olacaq.
- Millimiz indiyə qədər Avstriyanı məğlub edə bilməyib. Səncə, niyə onlarla alınmır?
- Çünki güclüdürlər(gülür). Amma millinin hazırki heyəti Avstriyaya qalib gəlməyə qadirdir. Millimizə çox inanıram.
- Əvvəllər milli ən azından böyük komandalara "badalaq" vururdu, indi isə heç bunu da edə bilmir...
- Hər tsikldə olduğu kimi, bu dəfə də baş verəcək. Sadəcə, səbrli olmaq lazımdır. Ancaq biz artıq kiməsə badalaq vurmaq haqda düşünməməliyik. Hər halda, özümüz nələrsə etməliyik ki, stabillik yaransın. Buna çalışmalıyıq.
- Sırf olaraq Avstriya matçı haqda proqnozunuz necədir?
- Məncə, millimiz bu görüşdə uğurlu nəticə qazanacaq. Çox inanıram ki, yığmamız bizi sevindirəcək. Bu matçda həlledici rol oynayacaq futbolçularımız isə yetərincədir.
- Azərbaycan millisi qalib gələrsə, hətta İsveçi də turnir cədvəlində ötə bilər. Millimiz Avstriya, İsveç və Belçika görüşlərindən ümumi neçə xal toplamağı bacarar?
- Bu vəziyyətdə 8 xal toplasaq, bizim üçün uğurlu saymaq olar. Ümidvaram ki, belə də alınacaq. Millimizə sona qədər inanırıq. Hər halda, bu kiminsə yox, bizim millimizdir.
Mirbağırağa
saytlarin hazirlanmasi