"Avstriya gəzə-gəzə oynayırdı, onlara qalib gəlmək mümkün idi" - MÜSAHİBƏ

13:18 - 17 Oktyabr 2023

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi tsikldəki növbəti məğlubiyyətini evdə, Avstriya millisindən aldı. Matçı milli üçün necə dəyərləndirərdin?

- Demək olar ki, Avstriya futbol oynamadı. Yalnız penalti qazandılar, onu da reallaşdırdılar. Onlardan qeyri-adi heç nə görmədim. Avstriyanı rahat udmaq olardı, çünki udulası komanda idi. Matçın gedişində də inanırdım ki, millimiz qalib gələcək. Avstriya millisi gəzə-gəzə, qəribə futbol oynayırdı. Ancaq nə olsun? Millimiz də elə ilk dəqiqələrdə onlar kimi oynayırdı. Rəqibdən azca üstün futbol nümayiş etdirsəydilər, qalib gəlmək mümkün idi. Avstriyaya qalib gəlmək olardı, onlar meydanda gəzirdi. Şanslardan yararlanmaq lazım gəlirdi. Bunu bacarmadıq. Təəssüf ki, uduzduq.

- İndiyə kimi Avstriya millisini məğlub edə bilməmişik. Səncə, niyə?

- Mən indiyə qədərki ən zəif Avstriya millisini dünən gördüm. Onları bu qədər zəif görməmişdim. Oyuna baxanda fikirləşirdim ki, niyə onları udmayaq?  Təəssüf, olmadı.  

- Millinin hazırda dörd xalı var. Daha çox toplayaraq, daha yaxşı nəticə göstərmək mümkün idi?

- Əlbəttə. Estoniyadan xallar alacağımız real görünürdü. İnanırdım ki, hər iki matçda onları məğlub edəcəyik. Amma Bakıda onları məğlub edə bilmədik, səfərdə qalib gəldik. Hər halda, daha yaxşı nəticə mümkün olardı.

- Ancaq Canni De Byazi deyir ki, kimsə qrupda daha çox xal toplayacağımızı, qrupdan çıxacağımızı gözləyirdisə, futboldan başı çıxmır...

- Yox, niyə? Qrupdan çıxmaq yox, ən azından üçüncü yer üçün oynamaq olardı. Oyunlar da onu göstərdi. Təəssüflər olsun ki, ilk turlarda xallar itirdik ki, indi də onun əziyyətini çəkirik. Avstriyanı evdə məğlub etmək olardı. İsveçlə matçda qələbə qazanamq lazımdır. Belçika ilə görüşdə heç-heçə etsək, böyük nəticə olardı. Görünən odur ki, komandamız stabil oynaya, stabil hazırlaşa bilmir, buna görə də uduzuruq.

- Avropa çempionatına tsikldən vəsiqə qazanmaq mümkün olmasa da, Lüksemburq və Yunanıstan bizim üçün bu cür şans yarada bilər. Onlardan biri vəsiqəni təmin etsə, yığma komandamız Millətlər Liqasında pley-off matçlarına çıxacaq...

- Şans çox azdır. Biz əvvəla İsveçi evdə udaq, ondan sonra başqaları hansı nəticəni göstərib, bizə yol açıb-açmayacaq, o haqda danışarıq.

Mirbağırağa

Xəbər xətti