Yığmamızın forvardı: "Çətin rəqiblərimiz var, amma qrupdan çıxmaq mümkündür" - MÜSAHİBƏ

10:32 - 18 Oktyabr 2023

Azərbaycanın U-21 yığmasının forvardı Ağadadaş Salyanski AVRO-2025-in seçmə mərhələsinin Lüksemburqla (3:2) oyunundan sonra jurnalistlərə müsahibə verib. Sportal.az xəbər verir ki, o, bu görüşdəki qələbə haqda danışıb.

- Komandanın qələbəsini necə şərh edərdin?

- Xalqımızı, məşqçilər korpusunu, komanda yoldaşlarımızı qələbə münasibətilə təbrik edirəm. Asan deyildi, çətin oyun alındı. Amma biz sona qədər mübarizə apardıq ki, qalib gələk. Şadam ki, istədiyimizi əldə etdik. Qələbələrin davamının gəlməsinə çalışacağıq. 

- Yığmanın qələbə qolunu vurdun. Həmin epizodu necə xatırlayırsan?

- Veysəl cərimə zərbəsi vururdu, mən də qapıçıdan qayıdacaq topa getməli idim. Ona hazırlaşırdım. Şadam ki, qol vurdum, komanda qalib gəldi. Açığı, bir az həyəcanım var idi. Çünki ilk qol epizodunu vurmamışdım, ikincini mütləq vurmalıydım.

- Şimali İrlandiya ilə matçda əsas heyətdə olsan da, Lüksemburqla görüşə ehtiyat oyunçular skamyasında başlamışdın. Psixoloji problem olmadıki?

- Əlbəttə ki, yox. Meydana çıxanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdım. Şadam ki, qol vurdum, komanda qalib gəldi. Vacib olan qalib gəlməyimizdir. 

- Səncə, Şimali İrlandiya ilə matçda niyə qalib gələ bilmədiz?

- Əslində, onlara qarşı da pis oynamamışdıq. Penaltidən istifadə edə bilməmişdik. Halbuki, onu vursaydıq, nəticə də fərqli olardı. Şimali İrlandiya isə sonradan müdafiəyə çəkildi, müdafiəni yarmaq çətin idi. Həmin oyun geridə qalmışdı deyə, Lüksemburqla görüşdə qələbəyə kökləndik.

- Ukrayna və İngiltərə ilə matçlarda hansı nəticəyə ümid edəcəksiz?

- Bu görüşlərə də hazırlaşacağıq. Meydana xal və xallar qazanmaq üçün çıxacağıq. Onsuzda, hər zaman rəqiblərimizi təhlil edirik. Çalışacağıq ki, uğurlu nəticələr qazanaq.

- Yer aldığınız qrupda nəyi bacararsınız?

- Bizim işimiz qrupdan çıxmaqdır. Təbii ki, indidən bir söz demək olmaz, vaxt hər şeyi göstərəcək. Çox çətin rəqiblərimiz var, hamısı da güclüdür. Lakin qrupdan çıxmaq da mümkündür.

- Yeri gəlmişkən, ötən mövsüm “Neftçi”nin əsas heyətində də meydana çıxırdın, qol da vururdun, amma indi əsas komandada səni görmürük. Səbəbi nədir?

- Bu barədə heç nə deyə bilməyəcəm. Nə deyim?

- Adrian Mutunun gəlişindən sonra məşqlərdə iştirak etmirsən?

- Baş məşqçi gəldikdən sonra toplanışda olmuşdum. Komandaya yeni legionerlər cəlb edildi. Ola bilsin ki, futbolçu sayına görə əvəzedici heyətdəyəm. Hər halda, fikrim əsas komandada yer almaq, “Neftçi”də möhkəmlənməkdir.

- İcarəyə yollanmaq haqda düşünürsən?

- Əlbəttə, təklif olsa, fikirləşərik. Lakin təklif almamışam. 

Mirbağırağa
 

Xəbər xətti