"Turan Tovuz"un legioneri: "Qarabağ"a qarşı oynamaq motivasiyanı artırır" - MÜSAHİBƏ

19:22 - 29 Dekabr 2024

“Turan Tovuz”un hücumçusu Aleks Souza Sportal.az saytına müsahibə verib. 

- İlin son görüşündə "Neftçi" ilə heç-heçə etdiniz. Həmin oyunda qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?

Fikrimcə, bu oyunun ilk yarısında o qədər də yaxşı oynaya bilmədik. Ancaq fasilədən sonra, ikinci hissədə daha da yaxşı oynadıq. Matça eyni intensivliklə başlasaydıq, bu görüşü qalib başa vura bilərdik. Qələbə qazanmağımız mümkün idi. Hər halda, artıq matç geridə qaldı və hazırda istirahətdəyik.

- Sezonun ilk hissəsi artıq başa çatdı. "Turan Tovuz" ili 3-cü pillədə başa vurdu. Bu nəticə sizi razı salır, yoxsa daha yuxarı pillədə qərarlaşmaq istəyərdiniz?

Aydın məsələ odur ki, bizim məqsədimiz həmişə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaqdır. Lakin biz qış fasiləsindən sonra geri dönəcəyik ki, turnir cədvəlində yüksək yerlərdə qərarlaşaq. 

- Mövsümün ilk yarısında hansı matçı xüsusi qeyd edərdin? Hansı matç sənin üçün daha yaddaqalan oldu? 

Hansısa oyunu ayıra bilmərəm. Məncə, mövsümün ilk hissəsində bizim üçün bütün oyunlar vacib idi. Biz hər görüşə bu cür yanaşırdıq. Bir oyunu digərindən fərqləndirmirdik.

- İstirahət üçün fasilə az idi, çox deyildi. Bakıda qaldın, yoxsa Azərbaycanı tərk edərək Braziliyaya yollanmısan?

Xeyr, mən Bakıda qaldım. Burada istirahət etməyi seçmişik. Elə Bakıda istirahət edirəm.

- Mətbuatda yayılan xəbərlərə görə, səninlə "Zirə", "Səbail" klubları maraqlanır. Ümumiyyətlə, sənə Azərbaycan Premyer Liqasının digər klublarından təkliflər gəlib? "Turan Tovuz"u tərk etmək ehtimalı var?

Mənim “Turan Tovuz”la qüvvədə olan müqaviləm var. Digər komandalardan təkliflər barədə isə məlumatım yoxdur. Mən “Turan Tovuz”dakı çıxışıma fokuslanmışam.

- Bu mövsüm "Qarabağ"ı məğlub edən yeganə komanda "Turan Tovuz"dur. Bunun da xüsusi motivasiyası var? 

Onlara qarşı oynamaq həmişə xoşdur. Motivasiya da artır. Amma bizim üçün bu, əlimizdən gələnin ən yaxşısını verməli olduğumuz oyunlardan biridir.

- Səncə, "Turan Tovuz" üçün mövsümün ikinci yarısı necə alınacaq? Avrokuboklara yollana biləcəksiz?

Biz bunun üçün işləyirik. Mövsümün ikinci hissəsini oynayaq. Necə alınacağını isə birlikdə görəcəyik. 

Mirbağırağa
 

Xəbər xətti