"Şəfa"nın yeni baş məşqçisi: "Klub rəhbərliyi qarşımıza Birinci Liqaya yüksəlmək hədəfi qoyub"

18:23 - 29 Dekabr 2024

"Bəli, artıq "Şəfa" ilə müqavilə imzalamışam. İşə də başlamışıq. Təbii ki, bu işə özümə güvənərək gəlmişəm. "Şəfa"nın rəhbərliyi qarşıya məqsəd qoyub. Onlar qarşıdakı sezon Birinci Liqada oynamaq istəyir. Bunun üçün də mübarizə aparacağıq. Təbii ki, bu işdə mənə güvənən klub rəhbərliyinə də təşəkkür edirəm. Çalışacağıq ki, qarşıya qoyulan hədəfə çataq. Təbii ki, asan iş yoxdur. Amma bu yöndə çalışmalarımız davam edəcək. İstəyirik ki, rəhbərliyin qarşıya qoyulan birinci liqaya vəsiqə qazanmaq hədəfinə çataq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"ya yeni baş məşqçi təyin olunan Elgiz Kərəmli deyib. Bu klubla 6 ay+1 illik müqavilə imzalayan gənc mütəxəssis komandasının əsas hədəfinin yuxarı liqaya yüksəlmək olduğunu bildirib.

O, İkinci Liqa klubundakı hədəflərindən danışdıqdan sonra, sabiq komandası "Difai"dəki fəaliyyətini də xatırlayıb:

"İndi baş məşqçi kimi işləyirəmsə, burada "Difai"nin də əməyi var. Çünki məhz ilk dəfə bu klub mənə baş məşqçi kimi etibar etdi, güvəndi. "Difai"yə bu mənada təşəkkür edirəm, onlara uğurlar arzulayıram. Onlar mənə baş məşqçi kimi güvəndilər, ilk təcrübəm də orada başladı. Hər halda, indi "Şəfa"dayam. Buradakı işimə fokuslanmışam və qarşımıza qoyulmuş hədəflərə çatmaq istəyirəm. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Mirbağırağa

Xəbər xətti