"Yuventus"da yeni baş məşqçi axtarışı Mottanın əvəzinə...

22:08 - 1 Mart 2025

"Yuventus" Tiaqo Mottanın əvəzinə yeni baş məşqçi axtarışındadır.

Sportal.az xəbər verir ki, "La Gazetta dello Sport"un məlumatına görə, "qoca sinyora" Mottanın mümkün gedişindən sonra onu əvəz edəcək namizədləri araşdırır. Klub rəhbərliyi komandanın nəticələrindən narahatdır və Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Mottanın istefaya göndərilməsi gözlənilir. 

Əsas namizədlər isə bunlardır:

Can Pyero Qasperini – Hazırda "Atalanta"nı çalışdırır və məlumata görə, "Yuventus"u çalışdırmağa müsbət baxır.

Antonio Konte – Hazırda "Napoli"də baş məşqçidir, lakin "Yuventus" rəhbərliyi onun qayıdışını nəzərdən keçirir.

Roberto De Zerbi – Hazırda "Marsel" klubunun baş məşqçisidir, lakin onun da Turin klubuna keçidi mümkündür.

İqor Tudor – 2024-cü ildə "Latsio"dan ayrıldıqdan sonra hazırda işsizdir. Lakin onun "Yuventus"a keçidinin daha az ehtimal olunduğu bildirilir.

Bundan əlavə,Roberto Mançini də potensial namizədlər arasındadır. Onun agentləri artıq "Yuventus" rəhbərliyi ilə əlaqə saxlayıblar.

Hal-hazırda "Yuventus" İtaliya A Seriyasında 26 turdan sonra 49 xalla 4-cü pillədə qərarlaşıb. Komanda həm İtaliya kubokundan, həm də Çempionlar Liqasından kənarda qalıb. Bununla yanaşı, Mottanın bəzi futbolçularla münasibətləri gərginləşib və bu da onun istefa ehtimalını artırır.

Mottanın gələcəyi komandanın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağından və daxili turnirlərdə nəticələrindən asılı olacaq.

Xəbər xətti