"Cahangir Fərəcullayevə ümidim böyükdür, ona qədər heç kim..." - Belçikada 145, Xorvatiyada 67, bizdə cəmi 7 təlimçi

18:31 - 11 Aprel 2025

AFFA-nın Hesabat Konfransında çıxış edən qurumun baş katibi Cahangir Fərəcullayev maariflənmə məsələsinə xüsusi toxunub. Deyib ki, 11 milyonluq Belçikada 145, 4 milyonluq Xorvatiyada 67 futbol təlimçisi olduğu halda, Azərbaycan kimi 10 milyonluq ölkədə onların sayı cəmi 7 nəfərdir. Baş katib bünövrənin təhsildən başladığını və bu istiqamətdə ciddi işlərin görülməli olduğunu vurğulayıb. 

Bu mövzu ilə bağlı AFFA-da Məşqçilərin Maariflənmə şöbəsinin rəhbəri Aslan Kərimova müraciət etdik. Tanınmış futbol adamı sportal.az saytına açıqlamasında maraqlı məqamlara toxunub:

"Cahangir Fərəcullayev baş katib təyin olunandan sonra həm mənimlə, həm də Texniki Direktor Cahangir Həsənzadə ilə maariflənmə ilə bağlı görüşlər keçirib. Bu istiqamətdə görülən işlərlə maraqlanıb, araşdırma aparıb özü üçün. 

Açığı Cahangir Fərəcullayevə ümidim böyükdür, ona qədər heç kim maariflənməyə belə həssaslıqla yanaşmayıb. Baş katib bildirdi ki, instruktorların sayının artırılması, maariflənmə səviyyəsinin yüksəlməsi üçün işlər görmək istəyir. Amma bunlar mərhələli şəkildə olmalıdır. Büdcə artmalı, dayanıqlı maliyyə olmalıdır ki, yeni instruktorlar cəlb edək, onları da yetişdirək.

Baş katibin bu məsələni Hesabat Konfransında səsləndirməsi məni xoş mənada təəccübləndirdi. Çünki buna qədər heç kim maariflənmə məsələsini bu cür mötəbər tədbirdə dilə gətirməyib".

Xəbər xətti