Bu mövsüm də Azərbaycan Premyer Liqasına fərqli ölkələrdən xarici futbolçular təşrif buyurdu. Yay “transfer pəncərəsi” zamanı çempionatımzıdakı slovakiyalıların sayı da artdı. “Neftçi”nin yay transferlərindən biri olan Lyubomir Tuptanın Bakıya gəlməsi ilə ölkə çempionatımızda çıxış etmiş slovakiyalıların sayı 6-ya çatdı.

Slovakiya millisində də çıxış etmiş 28 yaşlı forvard “Neftçi”nin heyətində artıq qol hesabını da açıb. O, Misli Premyer Liqasının 1-ci turunun “Sumqayıt”la(1:3) ilə görüşündə fərqlənmişdi. “Verona”, “Visla”(Krakov), “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev”(Lodz), AEL klublarında oynamış Tupta “ağ-qaralar”la 2+1 illik müqavilə imzaladı. Tuptanın gəlişi ilə maraqlı bir siyahı yaranır. Azərbaycan çempionatının müxtəlif illərində Slovakiyanın altı futbolçusu ölkəmizdə legioner həyatı yaşayıb. Onların arasında müdafiəçilər, yarımmüdafiəçilər və hücumçular var. Karyera baxımından isə hərəsinin Azərbaycan futbolunda özünəməxsus izi qalıb.
İvan Pyexa

Slovakiyalıların Azərbaycan Premyer Liqasındakı hekayəsi İvan Pyexa ilə başlayıb. Müdafiəçi 2009–2010-cu illərdə “Xəzər Lənkəran”ın, daha sonra isə 2013-cü ildə “Rəvan”ın formasını geyinib. Beləliklə, veteran futbolçu ölkəmizdə iki fərqli klubda çıxış edən ilk slovakiyalı kimi tarixə düşüb.
Peter Xrappan

Çempionatımızda oynamış ikinci slovak isə Xrappandır. Vaxtı ilə “İnter”ə böyük ümidlərlə “Mattersburq”dan dəvət edilmiş müdafiəçi ölkəmizdə çox qalmamışdı. 41 yaşlı futbolçu Azərbaycandan ayrıldıqdan sonra “Saarbrükkün”, “Fola” klublarında oynayaraq, karyerasını başa vurmuşdu.
Kamil Kopunek

Premyer Liqamızda oynamış ən yaxşı karyeraya malik slovak olduğunu desək, yəqin ki, yanılmarıq. Belə ki, 2014-cü ildə Kopunek “Spartak”(Trnava), “Saturn”, “Bari” və “Slovan”(Bratislava) klublarında oynadıqdan sonra “Rəvan”a keçmişdi. Buna qədər isə o, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında İtaliyaya(3:2) qarşı keçirilmiş matçda Slovakiya yığmasının 3-cü qolunu vuraraq, millisinə qələbə qazandırmışdı. Lakin onun Azərbaycandakı karyerası uğurlu alınmamışdı. Yarım mövsüm oynadıqdan sonra Kopunek Macarıstana yollanaraq, “Haladaş”la müqavilə imzalamışdı. Qeyd edək ki, Azərbaycanda oynamış slovaklar arasında öz millisində ən çox oyun keçirib, ən çox qol vurmuş Kamildir.
Pavol Farkaş

“Qəbələ”yə gələnə qədər “Vasluy”, “Kyevo” kimi klublarda oynamışdıq. 2014/2015 mövsümündə iddialı “Qəbələ”yə böyük ümidlərlə cəlb olunmuş Farkaş burada özünü o qədər də yaxşı göstərməmişdi. Ona görə də, bir mövsümdən sonra “Ksanti”yə keçmişdi. Farkaş, ötən ilə qədər Slovakiya millisində köməkçi məşqçi kimi çalışırdı. Hazırda isə o, “Skaliça”nın məşqçisidir.
Pavol Şafranko

Ölkəmizdə oynamış və klubuna ən çox xeyir, komandasının aparıcı üzvünə çevrilmiş yeganə slovakın Pavol Şafranko olduğunu desək, yəqin ki, yanılmarıq. Əslində, Azərbaycana qədər də yetərincə normal klublarda - “DAK Dunayska Streda”, “Olborq”, “Dandi Yunated”, “Sepsi”, “Mamelodi Sandouns”da oynamışdı. 2024-cü ildə “Sabah”a keçmiş 31 yaşlı forvard ayrılana yaxın komandasının kapitan sarğısını da daşıyırdı. Onun karyerasına harada davam edəcəyi hələ ki dəqiq deyil. Lakin Premyer Liqamızda oynamış və klubuna ən çox xeyir vermiş slovak kimi yadda qalacağını dəqiq söyləmək olar.
Mirbağırağa
saytlarin hazirlanmasi
