"Ardıcıl məğlubiyyətlərə görə məsuliyyəti baş məşqçi yox, biz daşıyırıq"

00:07 - 8 Mart 2014

Polyak: "Hələlik bu məsələni bağlamlıyıq"
 
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın Sportal.az-a müsahibəsi:
 
- “Qəbələ” ilə oyunu dəyərləndirərdin ?
- Fikrimcə, maraqlı oyun oldu, yaxşı oynadıq. Həm sağ, həm də sol cinahdan istifadə etməklə açıq oyun oynadıq. Bu oyunda həm qalib gələ bilərdik, həm də məğlub ola. Qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi.
 
- “Simurq” 3-cü dövrəyə ardıcıl məğlubiyyətlərlə başlasa da, sonradan xallar yığaraq özünə gəldi. Bu uğursuz başlanğıcın səbəbi nə idi?
- Biz qış fasiləsindən sonra çempionata pis başladıq, ardıcıl üç məğlubiyyət. Ancaq biz bu mıəğlubiyyətləri haqq etmirdik. Çünki bəzi oyunlarda daha yaxşı oynayan tərəf biz idik, sadəcə bəxt bizdən üz döndərmişdi, amma əsas odur ki, indi özümüzə yavaş-yavaş gəlirik.
 
- Hətta bu məğlubiyyətdən sonra azarkeşlər baş məşqçiniz Georgi Çixradzenin istefa verməsini istəyirdilər ?
- Bəli, azarkeşlərimiz ardıcıl məğlubiyyətlərdən sonra bizdən çox narazı idilər. Ancaq bu uğursuz nəticələrə görə məsuliyyətin böyük hissəsi baş məşqçinin yox, futbolçuların üzərinə düşür. Mövsümün qalan oyunlarında azarkeşlərimiz qələbələrlə sevindirəcəyimizə inanıram.
 
- Bu gün AZAL-la səfərdə qarşılaşacaqsınız..
- Son üç oyunda yaxşı təsir bağışlayırıq, inanıram ki, bunun davamı da AZAL-la oyunda gələcək. Biz onlara qarşı hücum oyunundan istifadə edəcəyik. Səfərdə qarşılaşmamız bizim üçün çətin ola bilər,  ancaq rəqibinin bir neçə əsas futbolçusu bu oyunu buraxmalı olacaq. Qalib gələ biləcəyimiz bir dueldir.
 
- Hazırda “Simurq”un avrokuboklara getmək şansı demək olar ki, yoxdur. Komanda nə üçün mübarizə aparır ?
- Az da olsa, avrokuboklar üçün şansımız var. Bu o demək deyil ki, biz çempionat oyunlarına həvəssiz çıxıb oynayacağıq, son tura qədər vuruşub qələbələrimizin sayını artırmaq istəyirik.
 
- Mövsümün sonunda komanda ilə müqavilən qurtarır. Kluvdan yeni təklif gəlib ?
- Müqaviləm may ayında bitəcək, bu müddətə qədər əlimdən gələni edəcəm. Gələcəkdə nəyin olacağını bir yerdə görəcəyik. Hələlik bu barədə heç kimlə söhbətim olmayıb, mənim təklifləri dəyərləndirmək və klubumla danışıqlar aparmaq üçün kifayət qədər vaxt var. Hələlik bu məsələni bağlamalıyıq.
 
Yusif HÜSEYN

Xəbər xətti