Böyükağa Hacıyev:"Dədəm Azərbaycan futbolunu mənə tapşırıb?" MÜSAHİBƏ

22:12 - 11 Mart 2014

"Qarabağ" "Ayaks"dı, yoxsa "Real"?"
 
Sportal.az sizlərə “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin  müsahibəsini təqdim edir.
 
- Komandanız  Premyer Liqada “Qəbələ”yə qalib gəlməklə (2:1), “qara zolaq”dan çıxdı. “Neftçi” yenə yalnız benzinə ehtiyacı olan işlək maşındır?
- Lənkərandakı oyundan sonra “Neftçi”nin əsas heyətində yer alan 4 müdafiəçisi cəzalı vəziyyətə düşdü, eşikdə qaldı. Necə düşünürsünüz, eyni xətt üzrə 4 futbolçunun kənarda qalması komandanın oyununa öz təsirini göstərər, ya yox?
 
- Hazırda klublarımızın heç birinin heyəti bu vəziyyətdən çıxmaq üçün yetərli deyil...
- Ay sağ ol! Hər xətdən bir futbolçu cəzalı olsaydı, mən həmin boşluqları doldurardım. Lakin 4 müdafiəçinin yerinə başqa adam tapmaq çətin işdir.
 
- Ancaq razılaşın ki, ümumilikdə “Neftçi”nin ehtiyat qüvvəsi elə də güclü deyil. Bunu qəbul etmək istəmirsiniz?
- Həmişə demişəm, bir daha təkrar edirəm - “Neftçi”də yetərincə ehtiyat qüvvə var. Sadəcə, eyni xətdən bir sıra aparıcı futbolçuların olmamağı öz təsirini göstərir.
 
- Deyək ki, ehtiyat qüvvə var. Ancaq hər halda, hücumçulardan istədiyinizi ala bilmədiyinizi inkar etməzsiniz?
- Bahodir Nasimovun boğazından yapışmışam, dartıb dilini çıxardıram (gülür).
 
- Bəs Melvin Platye? Bu adam Bakıya istirahətə gəlib?
- Platye elə bir oyunda bizə xeyir gətirər ki, heç kim gözləməz.
 
- “Neftçi” XXIV turda 1:4 hesabı ilə uduzduğu lider “Qarabağ”dan 10 xal geri qalır. Çempion titulunu itirəcəyinizlə barışmısınız?
- Çempionatın başa çatmasına neçə tur var?
 
- 11.
- Unutma ki, Böyükağa Hacıyev “Bakı”da işlədiyi vaxt son 8 turda 7 xallıq fərqi aradan götürərək, çempion olub.
 
- Həmin vaxt “Bakı”nın “Qarabağ” səviyyəsində güclü rəqibi yox idi...
- Üzr istəyirəm, “Qarabağ” “Ayaks”dı, yoxsa “Real”?
 
- Çempionluqla müqayisədə, “Neftçi”nin ölkə kubokunu qazanmaq şansı daha böyükdür. Razısınız?
- Biz kubokda da iddialıyıq, çempionatda da!
 
- Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter”in qonağı olacaqsınız. Premyer Liqanın XXII turunda “bankirlər”lə heç-heçədən sonra (2:2) “İnter”ə uduzduğumuz yadıma gəlmir” - söyləmişdiniz. Rəqib düşərgəyə yenə nəsə sözünüz var? 
- Bəlkə, səhv demişəm? Mənim vaxtımda həmişə “İnter”dən güclü olmuşuq.
 
- “Neftçi” sonuncu dəfə ötən ilin noyabrında bu komandaya 1:3 hesabı ilə uduzmuşdu...
- Həmin vaxt “Neftçi”nin baş məşqçisi mən deyildim. Bir dəfə “İnter”in prezidenti Georgi Nikolov “Neftçi” bizim abunəçimizdir” demişdi. Mən həmin sözü “yeyə bilmədim”. Ona görə də, nə vaxt qabağıma düşdü, onu uddum.
 
- Açıqlamalarınızla Azərbaycan futboluna rəng qatan bir insansınız. Ancaq bəzən dilinizin bəlasına düşürsünüz. Həmin anlarda özünüz özünüzə: gərək, mən də standart danışam, başım dinc olsun – söyləmirsiniz ki?
- Bəri bax, biz futbola görə ailə-uşağı dolandırırıq, siz isə Böyükağa Hacıyevə görə. Çörək ağacınızam da (gülür). Mən deməsəm, bir başqası deməsə, mətbuatın nə rəngarəngliyi olacaq? Dediyim sözlərin hər birinin məsuliyyətini özüm daşıyıram.
 
- Yeri gəlmişkən, mövsümün sonunda “Neftçi”dən ayrılacağınızı açıqlamısınız. Çempion olsanız da, gedəcəksiniz? 
- Bir az qıraqda işləməyi düşünürəm. İstəyirəm sizi Böyükağa Hacıyevə həsrət qoyum (gülür).
 
- Yenidən çempion olacağınız təqdirdə, niyə də işinizi davam etdirməyəsiniz?
- Su bir yerdə çox qalanda iylənər.
 
- Ancaq Azərbaycanda təcrübəli yerli mütəxəssislərə ehtiyac var...
- İnanmıram. Mətbuat əcnəbi məşqçiləri daha çox tumarlayır. Onların kiçik uğurunu okean edirsiniz, amma bizim okeanı gölməçə.
 
- Səhviniz var. Mətbuat həmişə yerli məşqçilərə və futbolçulara dəstək olub...
- Bir sual verim: yeni bir Böyükağa Hacıyevin yetişməsi üçün nə qədər vaxt lazımdır?
 
- Qurban Qurbanov sizin uğurunuzu təkrarlaya biləcək bir məşqçidir...
- Arxı tullanmamış, “hop” deməzlər. Mən o arxı tullanmışam bir dəfə, düzdü?
 
- Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk mütəxəssisiniz. Ancaq bunu ötən il Çempionlar Liqasında da etmək lazım idi. Hər halda, sizdən bunu gözləyirdik. Düz iş görməmişik?
- Dədəm Azərbaycan futbolunu mənə tapşırıb? Bütün nəticələri mən verməliyəm?
 
- Kənarda işləmək istədiyinizi söyləyirsiniz, ancaq etiraf edin ki, Böyükağa Hacıyevin Azərbaycan millisində də gözü var...
- Foqtsla qardaşlaşmışam, yəqin ki, xəbərin var da. Qadası, mən yetərincə çalışdım, sözümü dedim.
 
- Belə çıxır ki, xaricdən konkret təklifiniz var?
- Mənim 55 yaşım var. Heç vaxt sözü havaya demirəm.
 
mənbə: apasport.az

Xəbər xətti