"Kababxanada oturub araq vuran adamlar mənim verilişdən çıxarılmağıma çalışırdılar"
Azərbaycan teleməkanında futbol verilişləri azlıq təşkil edir. Hal-hazırda “İdman Azərbaycan”, “Xəzər TV” və “Space TV”-də futbol verilişləri mövcuddur. Ən maraqlısı odur ki, bu verilişlərdə tez-tez aparıcı və ekspertlərin dəyişməsi halları müşahidə olunur. Bu dəfə “İdman Azərbaycan”da yayımlanan “Premyer Liqa” verilişinin eksperti Erkin İbrahimov “radara düşüb”. Məsələyə aydınlıq gətirmək üçün onunla əlaqə saxladıq. Verilişdən uzaqlaşdığını təsdiqləyən İbrahimov təəssüratlarını sportal.az saytı ilə bölüşdü.
Erkin, bizdə olan məlumata görə, səni “Premyer Liqa” verilişindən uzaqlaşdırıblar…
Uzaqlaşdırıblar deyəndə ki hə, son verilişə çağırmayıblar. Ancaq mən orada heç vaxt rəsmi işləməmişəm ki, məni çıxarsınlar. Mən menecerəm və səmimi deyim ki, verilişdəki çıxışlarım mənim işimə də xeyli çətinliklər törədirdi. Fikirlərimə görə münasibətim olan adamlarla aramda soyuqluq yaranırdı.
Telekanal rəhbərliyi sənə vəziyyəti necə izah etdi, nə ad qoydu buna?
Mənə heç bir səbəb deyilməyib. Sadəcə, verilişin aparıcısı Elnur Məmmədli zəng edib dedi ki, bir müddət hər ikimiz dincəlməli olacağıq. Belə hallar əvvəllər də olub. Məsləhət olar çağırarlar, olmasa da normal haldır.
Özün necə düşünürsən, sənin uzaqlaşdırılmağın kiminsə göstərişidi?
Həmişə cəhd edənlər olub ki, məni oradan uzaqlaşddırsınlar. Bəzən özümə də təəcüblü gəlir ki, mən orada 3 il davam gətirmişəm. Bu özü də böyük bir nailiyyətdir. Çünki “İdman Azərbaycan”da olan sərbəstlik, demokratiya “Xəzər TV” və “Space TV”-də yoxdur. “İdman Azərbaycan” dövlət kanalı olsa da, orada söz azadlığı özəl kanallardan daha çoxdur. Heç vaxt elə bir şey olmayıb ki, kimsə gəlib nə danışacağımıza dair göstəriş versin.
Demək istəyirsin ki, özəl telekanallarda belə hallar olur?
Hə, var. Bu barədə məlumatlarım dəqiqdir. “İdman Azərbaycan”ın o kanallardan əsas fərqi də elə bundadır. Maraqlıdır ki, dünyada dövlət kanallarında müəyyən məhdudiyyətlər olur, özəllərdə isə yox. Azərbaycanda isə əksinədir.
Ancaq hər halda sənin uzqlaşdırılmağına təsir edə bildilər…
Ötən il yayında da belə bir cəhd olmuşdu. Kababxanada oturub araq vuran adamlar mənim verilişdən çıxarılmağıma çalışırdılar. Ancaq o aşağı səviyyəli insanlar istəyinə çatmadılar. Lakin indi hiss olunur ki, bunun arxasında daha yüksək təbəqədən olan insanlar dayanıblar. Ən azından o sevindirir ki, demək ki, verilişə baxırlar ki, bu onları narahat edib. Dəqiq demək olmur ki, “bu külək haradan əsir”. Çünki mən konkret hansısa klubu, şəxsi deyil, bir çox strukturları tənqid etmişəm.
Şahin OĞUZ
saytlarin hazirlanmasi