Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt” öz meydanında "Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib:
- Komanda bu gün çox zəif oynadı, heç nə alınmırdı. Ötürmələrdə çoxlu səhvlərimiz var idi.
- Hesab 2:0 olanda komandada yorğunluq var idi. Bu, nədən irəli gəlir?
- Özünüz görürsünüz ki, ehtiyat oyunçular skamiyasında oyunu dəyişə biləcək futbolçumuz yoxdu. Mən bilirdim ki, belə də olacaq. Bizim oyunumuzda stabillik yoxdu.
- Qış transfer dönəmi üçün planlarınız necədi?
- Bəli, siyahımızda futbolçular var. Biz fasiləni gözləyirik. Ondan sonra nəsə danışa bilərəm.
- Komandada əzmkarlıq yoxdu. Bunu aradan qaldırmaq üçün nə edəcəksiniz?
- Bu, futbolçuların özündən asılıdı. Yəqin ki, "Sumqayıt”ın futbolçuları bu əzmkarlığı başa düşürlər, ancaq bizim oyunçular yox. Əgər bu əzmkarlığı başa düşməsə, o, bizim komandada oynamayacaq. (Futbol11.az)