“Birinci divizionun səviyyəsi fərqlidi, amma rəqib istəkli idi. Əzmkarlıq hiss olunurdu. "Şərurspor"dan xoşum gəldi”.
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
Azərbaycan kubokunun 1/8 final matçında “Şərurspor”la qarşılaşan “ağ-qaralar” qalib gələrək növbəti mərhələyə yüksəliblər.
Oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Abdullayev oyunla bağlı fikirlərini bölüşüb.
- Araz Abdullayev əksər matçlarda nə əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə verir, nə də ki, özü qol vurur. Sanki futbolçuda bir paxıllıq var...
- Səbəb başqadı. 90 dəqiqə ərzində bəzi azarkeşlər onu təhqir edirdilər. Onları azarkeş saymıram. Məhz Arazı meydanda sona qədər saxladım ki, dəstək olum. Mən bu azarkeşlərin kim olduqlarını araşdıracam. Sizi də 90 dəqiqə söysələr, oyununuz alınmaz. Belə vəziyyətdə oynamaq çətindi. Bu təzyiq altında yaxşı çıxış etmək mümkün deyil.
- Rəqib olaraq, "Turan"ı yoxsa "Zirə"ni görmək istəyərdiz?
- Fərqi yoxdu.
- Əgər azarkeşlə kapitan arasında problem varsa, bunun kökü nədədi?
- Bunu Arazdan soruşmaq lazımdı. Mən bu insanları azarkeş saymıram.
- Arazın zəif çıxışı azarkeşləri söyüş söyməyə vadar edir?
- Heç kimin kimisə təhqir etməyə haqqı yoxdu. Əgər dostsansa, bir yolunu göstər. İlk dəqiqələrdən Arazı söyməyə başlayırlar. Burda artıq başqa məqsəd var. (Apasport)