“Kəpəz”in əsas komandasının baş məşqçisi Etibar İbrahimov klub saytına müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Çempionatın startına çox az qalıb, hazırlıq necə gedir?
- Hamının bildiyi kimi, digərləri ilə müqayisədə komandamız gec toplaşdı. Buna görə də istər oyunçu seçimində, istərsə də hazırlıq müddətində çətinlik oldu. Bununla belə klub rəhbərliyi sağ olsun ki, bizim üçün Şəmkirdə 10 günlük təlim-məşq toplanışı təşkil etdi. Ümumiyyətlə, rəhbərlik tərəfdən komandaya hər cür dəstək var. Toplanış dövründə gündə iki dəfə məşq edib komandanı yaxşı hazırlamağa çalışdıq. Paralel olaraq heyət yığmaq və məşq keçmək çətindi. Komandanı yenidən formalaşdırmışıq. Çünki “Kəpəz” elitadan düşəndən sonra demək olar ki, bütün futbolçular komandanı tərk etdi. Gənclərdən də olsa, heyəti komplektləşdirə bildik. Gəncədən kənarda oynayan bəzi uşaqları da kollektivə qaytarmışıq. Hazırlıq dövründə iki yoxlama və bir ikitərəfli oyun keçirdik. Əlimizdən gələni edirik. Vaxt az olanda futbolçunu psixoloji baxımdan daha çox hazırlamaq lazımdı. Uşaqları inandırmışıq ki, yaxşı oynaya bilərlər. Perspektivli oyunçular var. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Nə dərəcədə hazırlaşıblar, bunu çempionat göstərəcək. Komanda Gəncəni layiqincə təmsil etməyə çalışacaq. Uşaqların işə həvəsi məni sevindirir.
- Limitlə bağlı çətinliklər var?
- Limit çətinlik yaratsa da, biz bunun öhdəsindən gəlməyə çalışırıq. İşimizi bu istiqamətdə aparırıq. Seçimlə bağlı müəyyən problemlər oldu, amma son nəticədə heyəti qura bildik. Kollektivə klubun U-17, U-19 komandalarından və əvəzedici heyətdən futbolçu götürmüşük. Digər aşağı yaş qruplarından potensialı olan uşaqları da heyətə cəlb etmişik, bu da onları itirməmək istəyindən irəli gəlir. Onlar gələcəkdə kluba kömək edə biləcəklər. Gəncləşdirmə siyasəti yaxşıdı. Amma yaşı limitə uyğun gəlməyən futbolçular da öz üzərlərində işləyib, futbol oynamağa can atmalıdılar.
- Gəncə futboluna yaxından bələd olan simasız. Bu səbəbdən “Kəpəz”də azarkeşlərin tələbinin nədən ibarət olduğunu yaxşı bilirsiz. Siz və komandanız buna hazırsız?
- Bəli, mən özümü hazır bilməsəydim, bura gəlməzdim. Qazandığım təcrübəni futbolçularla bölüşməyə, onları öyrətməyə çalışıram. Gəncə Azərbaycan futbolunun beşiyidi, burada azarkeşlərin nəticə tələb etməsi başadüşüləndi. Gəncə azarkeşi futbolu yaxşı bilir, anlayır. Bu, bizim üstünlüyümüzdü. Fəlsəfə baxımından yaxşı oyun nümayiş etdirməyə qadir olacaq komanda yaranır. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çünki hədəfsiz nəyəsə nail olmaq mümkün deyil. Bizim azarkeşlərin də tələbi, hədəfi böyükdü. Bizə yaxşı oynamaqla yanaşı, uğur qazanmaq da lazımdı.
- “Kəpəz”in tarixində ən gənc baş məşqçilərdən biri kimi yadda qalacaqsız. Pro kateqoriyanız var, milli komandalarımızda və Hindistanda çalışmısız. Elə köməkçiləriniz də gənc mütəxəssislərdi. Bu gün ölkəmizdə bütün sahələrdə gənclərə yol açılır. Yəqin ki, siz də bu imkandan yararlanmağa çalışacaqsız...
- Doğrudu, belə deyək, “Kəpəz” mənim üçün böyük çağırışdı. Bu klubda işləmək böyük məsuliyyət tələb edir, bunu yaxşı anlayıram. Doğma klubda çalışmaq mənim üçün şərəf olacaq. Bizə göstərilən etimadı doğrultmağa səy göstərəcəyik. Gəncədə həm yaşlı, həm də gənc nəsil məşqçilərin bacarığı yüksək səviyyədədi. Biz gənclərin öyrənəsi çox şey var. Öz işimizi yaxşı həyata keçirməyə çalışmaqla yanaşı, məsləhətə də ehtiyac duyuruq. Hər bir məşqçi fəaliyyətini davam etdirdiyi müddətdə özü də öyrənməlidi.
- Bütün gəncəli azarkeşlərin arzusu “Kəpəz”i yenidən Premyer Liqada görmək istəyidir. Necə düşünürsüz, klub olaraq bunun öhdəsindən gələ biləcəksiz?
- Bu, hamımızın arzusudu. Qarşımıza qoyulan ilk hədəf sağlam rəqabətli komanda yaratmaqdı. Buna nail olmuşuq. Mehriban, bir-birinə kömək edən insanlardan qurulan kollektiv var. Ümid edirik ki, elə bu kollektivlə də yüksək liqaya vəsiqə qazanarıq. Uğur qazanmağımız üçün azarkeşlər də bizə inanmalı və dəstək verməlidilər. Onlara həmişəkindən daha çox ehtiyacımız var.