Son mövsümü "Araz-Naxçıvan"da keçirmiş "Neftçi" və "Qəbələ"nin sabiq hücumçusu Ramon Maçado Sportal.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan"dan ayrıldın. Bu klub sənə yeni müqavilə təklif etmədi, yoxsa, şərtləri qəbul etmədin?
- Klub mənim müqaviləmi yeniləməkdə maraqlı deyildi. Bu, futboldur. Həyat davam edir. “Araz-Naxçıvan”da qalanlara uğurlar arzulayıram.
- Azərbaycan klublarından sənə təklif var?
- İndiyə qədər Azərbaycandan heç bir rəsmi təklif almamışam. Yalnız ilkin müzakirələr olub, amma hələ də rəsmi bir şey gözləyirəm. Çünki Azərbaycanda qalmaq istərdim.
- "Neftçi" və "Qəbələ" klublarında da oynamışdın. Bu iki komandanın indiki durumunu necə dəyərləndirirsən? "Qəbələ" Premyer Liqada pley-off oynayaraq qaldı. "Neftçi" isə Konfrans Liqasın vəsiqə qazandı...
- “Qəbələ”nin Premyer Liqada qalması çempionat üçün vacibdir. “Qəbələ” daim ən yaxşılar arasında olmağa layiqdir. “Neftçi” də ölkədə böyük ənənələrə malik komandadır və yenidən öz yerinə qayıdıb. Klubun nüfuzunu nəzərə alsaq, Avropa yarışlarında mübarizə aparmaq üçün hər il ilk yerlər uğrunda mübarizə aparmalıdır.
- Son mövsüm özün üçün necə keçdi? Səncə, ən yaxşı mövsümün məhz 2025/2026 mövsümü idi?
- Şəxsən mən mövsümün əvvəlində zədələndiyim üçün bir az məyus oldum. Konfrans Liqasını və Premyer Liqanın başlanğıcını qaçırdım. Amma rəqabət baxımından liqa çox çətin keçdi. Komanda olaraq uğursuz olduq. Fikrimcə, daha yaxşı çıxış etməli idik.
- Azərbaycan Premyer Liqasında uzun illərdir ki, oynayırsan. Çempionatın inkişaf etdiyini düşünürsən?
- Azərbaycanda keçirdiyim ilk ilimdən bu günə qədər çempionatın ildən-ilə inkişaf etdiyini deyə bilərəm. Premyer Liqa daha da rəqabətlidir.
- Legioner limiti ləğv edildi. "Sabah" çempion oldu. "Qarabağ" yeni mövsüm dominantlığını geri qaytara biləcək, yoxsa, bundan sonra Azərbaycan Premyer Liqasında əsas dominant "Sabah" olacaq?
- Təbii ki, ən böyük maliyyə gücünə malik komandalar ən çox seçilənlər olacaq. Legioner oyunçularla bağlı limitin aradan qaldırılması ilə rəqabətin hər mövsüm getdikcə daha da şiddətlənəcəyinə inanıram. Məncə, "Sabah", "Qarabağ" və "Neftçi" növbəti mövsümə digərlərindən daha öndə başlayacaqlar.
Mirbağırağa
