Roberto Bordin: "Ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik"

19:39 - 25 Noyabr 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XII turunda səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis qələbəni şərh edib:

 

- Yaxşı oyun göstərmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər, onlardan razı qaldım. Güclü komandaya qarşı oynadıq. Bir daha komandanı təbrik edirəm.

 

- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?

- Bizim yaxşı kollektivimiz var və bu, bizim fərqimizdir. Zədəli futbolçuların olması futbolda baş verən şeylərdi. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.

 

- Oyunun əvvəlində Dario Frederiko ilə aranızda problem oldu. Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?

- Normal haldır, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.

 

- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?  

- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım. 

 

- Paratskinin yoxluğunda “Neftçi” daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?

- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.

Xəbər xətti