“Forza Neftçi” azarkeş qrupu son günlər baş verən məlum olaylarla bağlı bəyanat yayıb.
Sportal.az həmin bəyanatı təqdim edir:
“Forza Neftçi” niyə yoxdur? Yəqin ki, bizim komandanın yaxşı dövründə ona arxa çevirdiyimizi düşünənlər olacaq. Amma bu, əsla belə deyil. Əlbəttə ki, qar, tufan, məsafə, 7-ci yer bilmədən hər zaman flaqmanın arxasında olan bir azarkeş qrupu durduq yerə bu addımı atmaz. Tribunadan çəkilməyimizin səbəbi adımıza ləkə yaxılmasıdı. Böyük qardaşımız, həm bizim, həm “Neftçi”, həm də Azərbaycan tribunasında əvəzsiz xidmətləri olan Sübhan Əliyev dövlət orqanlarına çağırılıb. Guya biz hansısa siyasi işlərə qarışmış, dövlət məmurunu təhqir etmiş, onu istefaya çağırmışıq, eləcə də “Sabah”la oyunda oturacaqları qırmışıq və s.
Hər zaman istər buradan, istərsə də adi insanlarla görüşlərdə öz ideologiyamız haqqında böyük bir qeyd vurğulayırıq. Bu, bizim ideologiyamızın yalnız və yalnız “Neftçi” olması, apardığımız mübarizənin, etdiyimiz fədakarlıqların da yalnız və yalnız “Neftçi” üçün olmasıdır. Başqa məsələlər isə bizi maraqlandırmır. Ən azından tribunasından “Ultras no politica” banneri asan azarkeş qrupu necə ola bilər ki, hansısa siyasi işlərə qarışsın? “Forza Neftçi” adi bir klubun yox, Azərbaycanın ən köklü klubu “Neftçi”nin azarkeşidir. Həmin komanda ki, rəhbərliyi öz sosial şəbəkə hesabında bizim şəklimizi örtük şəkli qoyub. Və həmin komanda ki, onun azarkeşi “bandotdel”ə çağırılmamalıdır. Bizim hər hansısa siyasi səhvimiz ola bilməz.
2-ci sual: Necə olur ki, “Sabah”la oyunda baş verənlərə görə bizə etmədiyimiz şeylər üzündən ittihamlar edilir, adımıza yalan yerə söz çıxarılır, komandamızın rəsmisi Ceyhun Sultanova 10 oyunluq, kluba 16 min manatlıq cərimə tətbiq olunur, üstəlik biz də orqana çağırılırıq, amma həmin oyunda bütün aqressiyalara səbəb olmuş baş hakim Rəhim Həsənovun cəzası açıqlanmır? Onun etdikləri qanun çərçivəsinə sığmır və cəzasız qalır?!
İllərdir, komandamız 1-ci yer üzünə həsrət idi və oyunun son dəqiqələrində futbolçularımıza göstərilən haqsız vərəqələr bizi özümüzdən çıxara bilər. Dünyanın hər yerində azarkeş çılğın və əsəbi olur, bu halda qırdığımız 10-15 oturacağa görə də fəxr edə bilmərik. Əksinə azarkeş qrupu olaraq cəzasını ödəməyə də hazırıq. Rəhbərlik bizim arxamızda dursa da, durmasa da, biz etdiyimiz qanun pozuntusuna görə cəzaya razıyıq, qanuna tabeyik. Amma haqlı olduğumuz halda etmədiyimiz əməllərə görə heç vaxt cavab verməyəcəyik. Nəyin bahasına olursa, olsun, günahsız olduğumuzu sübut etməyə hazırıq. Biz böyüdükcə kimlərsə narahat olmağa başlayır. İndiyə qədər aramızda təxribata cəhd edən insanlar, provokatorlar olub, lakin araşdırıb dərhal onu aramızdan göndərmişik. Bu isə bizim komandamızdan başqa bir şeyə marağımızın olmamasının göstəricisidir. Və bu günə çox böyük əziyyətlərlə gəlmişik. Bunların qarşılığında isə kimlərinsə bizi haqsız yerə şikayət etməsi, bizə bu cür böhtanların atılması isə heç xoş deyil. Hər zaman haqqın, ədalətin, sağlam rəqabətin tərəfdarı olmuşuq, tribunada etdiyimiz bütün fədakarlıqlar isə yalnız komandamıza dəstək məqsədi daşıyıb. Adımızdan və say çoxluğundan istifadə edib hər hansısa siyasi, təxribat xarakterli şüarlar səsləndirməmişik.
Yuxarıda sadaladığımız amillərə görə belə hallar bizim tribunamızda yolverilməzdir, ola bilməz. Ona görə də qanun qarşısında düz olduğumuzdan əminik. Təmiz vicdanla alnı açıq bundan sonra da fəaliyyətimizə davam edəcəyik. Sadəcə üzvlərimizin, qardaşlarımızın təhlükəsizliyi naminə bir müddət tribunada olmayacağıq. Tək marağımız və tək sevgimiz “Neftçi” olaraq da qalacaq. Gün gələr yenidən 1A-da bannerimizin arxasında yerimizi alarıq!”
saytlarin hazirlanmasi