Kamran Quliyev: “Qarabağ” demək olar ki, top görmədi” MÜSAHİBƏ

21:47 - 3 Fevral 2019

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin prezidenti Kamran Quliyev jurnalistlərə müsahibə verib. O, öncə matçla bağlı fikirlərini bölüşüb:

 

- “Qarabağ” evdə oynayırdı. Ancaq o qədər azarkeşimiz gəlmişdi ki, elə bil evimizdə idik. Onların dəstəyilə oynadıq, ab-hava yaxşı idi. Gözəl oyun oldu, komandamı təbrik edirəm.

 

- Bu nəticə daha çox sizə sərf etdi?

- Turnir cədvəlində liderik. Ola bilər ki, daha çox bizə sərf etsin. Bu oyun altı xallıq idi. “Qarabağ”a qələbə daha çox lazım idi. Yaxşı oyun oldu. Etiraf edək ki, uzun fasilədən sonra belə oyunlar tez-tez olmur.

 

- Futbolçulara mükafat veriləcək?

- Biz onları paltardəyişmə otağında təbrik etdik. Nə olacaqsa, aramızda qalsın.

 

- Yaxşı oyun izlədiyinizi qeyd etdiniz. Amma meydanda görünən o idi ki, “Neftçi” daha çox müdafiə olunurdu. Oyuna da 5 müdafiəçi ilə başlamışdı. 10 nəfərlə qaldıqdan sonra rəqibi daha çox meydanın özünə aid hissəsində qəbul etməyə başladı. Həqiqətənmi “Neftçi” kimi bir komanda, turnir cədvəlinin lideri bu cür oyundan sonra sevinir?

- “Qarabağ”ın hansı futbol oynadığı hamıya bəllidir. Fikrinizlə razılaşmıram. İkinci hissənin ilk 15 dəqiqəsində “Qarabağ” demək olar ki, top görmədi. Epizodlarımız oldu, qol vura bilərdik. Bu, altı xallıq oyunu idi. Müdafiəyə meyilli oyun nümayiş etdirdiyimizi düşünürsünüzsə, biz şou göstəmrək istəmirdik, məqsədimiz xal qazanmaq idi. Uşaqlar çox qaçdılar. 

 

- Hakimliklə bağlı nə deyə bilərsiniz. Hər komandadan bir futbolçu qırmızı vərəqə gördü. Sanki referi oyunu tez-tez saxlamaqla, tempi aşağı salırdı.

 

- Bu gün futbol qalib gəldi. Hakimlərlə bağlı onların rəhbərləri qərar verəcək. Hakim oyunu “sındırmadı”.

Xəbər xətti