“Neftçi”nin prezidenti Kamran Quliyev “TuttoMercatoWeb”ə müsahibə verib.
Sportal.az xəbər verir ki, Quliyev əvvəlcə italyanlara “ağ-qaralar”ın tarixindən danışıb:
“Neftçi” 1937-ci ildə yaradılıb və uzun müddət “Neftyanik” və ya "Neftçi" adları ilə mübarizə aparıb. Komanda 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub. Müstəqillikdən sonra Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq. Qrupdakı ilk matçımızda İtaliya “İnter”inə Bakıda 1:3 hesabı ilə uduzsaq da, “San Siro”da böyük uğur qazanaraq, 2:2 hesablı heç-heçə etmişik”.
Karman Quliyev italiyalı mütəxəssis Roberto Bordinin “Neftçi”nin baş məşqçi postuna gəlişindən danışıb:
“Mövsümün startı ərəfəsində baş məşqçi axtarırdıq. İtaliya futbol məktəbini yaxından tanıyırdıq. Daha sonra Roberto Bordinlə tanış olduq. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Hazırda çempionatın lideriyik. Ötən tur Qarabağ”la la səfərdə 1:1 hesablı heç-heçə etdik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir”.
Klup prezidenti qış transferi dövründə Canluka Sansonenin komandaya cəlb edilməsindən danışıb və bildirib ki, bundan sonra da komandaya italyan futbolçular gətirilə bilər:
“Hücum xəttini gücləndirmək üçün uzun müddət axtarış etdik. Lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka Sansone İtaliyada çox məşhur futbolçudu. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına əla təminatlar almışıq. Bizim akademiyamızda daha bir italyan var. Lorenso Mezzotero çox istedadlı hücumçudu. Atası Azərbaycanda neft şirkətində çalışır. İtaliya futbolda liderlərdəndi. Bu ölkədən olan futbolçuları almaq asan deyil. Sansonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların Azərbaycana yolunu aça bilər. Ölkəmizdə futbol sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündü. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı oyunçudu. Ümidvarıq ki, digərləri də bura gələcəklər”.
Quliyev yaxın illər üçün “Neftçi”nin əsas hədəfləri barədə suala belə cavab verib:
“Yaxın bir neçə ildə “Neftçi”nin məqsədi əvvəlcə Avropa Liqasının, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olacaq”.
Klub rəhbəri italyanlara son illərdə Azərbaycan futbolundakı inkişaf barədə məlumat verib:
“Son 10 ildə inkişaf bir neçə dəfə artıb. Xeyli yeni stadion, idman, hazırlıq mərkəzi inşa edilib. Son illərdə 3 komandamız Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış. 2016-cı ildə biz 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil etdik. Bu il Bakıda Avropa Liqasının final matçı, gələn il isə Avropa çempionatının 4 oyunu, 1/4 final qarşılaşmalarından 1-i olacaq. Hazırda Avropa Liqasında bir çox maraqlı klub mübarizəni davam etdirir. Bakıdakı final qarşılaşması unudulmaz olacaq. Həlledici görüşdə “Neapol” və “Sevilya”nı görmək istərdim”.
saytlarin hazirlanmasi