Roberto Bordin: "Sxemi dəyişmək məcburiyyətində qalmışdıq"

16:42 - 10 Fevral 2019

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Neftçi” – “Keşlə” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Oyun elə də asan keçmədi. Rəqib bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yaratdıq. Epizodların birində də Emin gözəl qol vurdu. Oyuna nəzarət edən tərəf idik. Sona qədər rəqib qapısı ağzında təhlükəli vəziyyətlər yaratdıq. Müdafiədə bəzi boşluqlarımız oldu. Ancaq qapıçımız Səlahət Ağayev çox yaxşı çıxış etdi. İkinci qoldan sonra hesabı daha da artıra bilərdik. Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq.

 

- Canluka Sansone meydanda olduğu müddətdə əsas yaratdımı ki, növbəti matçlarda daha çox oynasın?
- Onun oyun praktikası yox idi. Hələ də, matçın ritmini tam olaraq tutmasına çox qalıb. Əlbəttə ki, onu yaxşı tanıyıram. Ona bir az vaxt lazımdı.

 

- Vangellis Platellas rotasiyalarda özünü necə göstərir? Ondan istədiyinizi ala bilirsiz?
- O, həm hücumda, həm müdafiədə komandaya çox kömək edir. Platellasdan çox razıyam. Dünən “Qarabağ” qələbə qazanmışdı, bugünkü matçın çətin olacağını bilirdik. Bütün komandanı təbrik edirəm.

 

- Son oyunlara baxanda görünür ki, sistemlə bağlı axtarışlarınız davam edir. “Neftçi”nin hansı oyun keyfiyyətlərini artırmasına ehtiyyacı var?
- Son oyunla müqayisədə sxemi dəyişmək məcburiyyətində qalmışdıq. Çünki futbolçu çatışmazlığı var idi. Əlbəttə ki, oyunun gedişində sxemi rəqibə görə dəyişə bilərik. Hətta bir müddət 2 hücumçu ilə çıxış etdik. Amma komanda yorulmuşdu və yenidən sistemi dəyişdik.

 

- Rəhman Hacıyevin oynamaması nə ilə bağlıdı?
- Hazırlığı yerindədi. Sadəcə, rəqibə uyğun oyun sistemi seçirik. Rəhmanla bağlı heç bir problem yoxdu.

 

- Mirabdulla Abbasovda geriləmə görürsüz?
- Deməzdim ki, onda geriləmə var. Bu gün də qol vurmaq şansı oldu. Çox hərəkətli idi və komandaya xeyri dəydi. Necə ki, fasilədən əvvəl çıxış edirdi, indi də o cürdü.

 

- Yayda demişdiz ki, transfer məsələlərinə qarışmırsız. Qışda necə oldu?
- Belə dediyimi xatırlamıram.

Xəbər xətti