İqor Mitreski: "Neftçi"nin çempionluğu haqda danışmaq tezdir" MÜSAHİBƏ

15:11 - 19 Fevral 2019

Bu gün "Neftçi"nin veteran futbolçusu İqor Mitreskinin 40 yaşı tamam olur. 1979-cu ildə dünyaya gəlmiş müdafiəçi 2010-2014-cü illər ərzində "ağ-qaralar"ın formasını geyinib. Azərbaycan çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olan Mitreski Makedoniya milli komandasının heyətində 69 oyunda 1 qola imza atıb.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu "Neftçi"nin saytına yubiley münasibətilə müsahibə verib.

 

- Doğum gününüz mübarək, İqor!

- Çox sağ olun, təşəkkür edirəm! Məni yada saldığınız üçün sizə minnətdaram!


- Yubileyinizi necə qeyd edirsiniz?

- Hazırda Berlindəyəm. Doğum günümü ailəm, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəyəm. 40 illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burada evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd etmişəm, amma 40 yaşımı Berlində keçirmək istədim.

 

- Siz təkcə Makedoniya futbolunda yox, "Neftçi”nin tarixində də parlaq iz buraxmısınız. Artıq bir neçə ildir "Neftçi”ni tərk etmisiniz. Azərbaycan futbolunun flaqmanı ilə bağlı hansı xatirələriniz var?

- Digər keçmiş komandalarım kimi "Neftçi” də mənim üçün böyük tarixdir. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığını və karyeranı bitirdiyini. Beynəlxalq karyerama "Spartak”da başlamışam, "Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, milli komandanın kapitanı olmuşam, amma "Neftçi”nin yeri başqadır. Çünki karyeramı burada – 3 dəfə çempionatın, 2 dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam. "Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdur. Bakı isə doğma şəhərdir. Həm "Neftçi”, həm də Bakı mənim qəlbimdədir. İndiyədək "Neftçi”yə azarkeşlik edirəm.

 

- "Neftçi”nin heyətində parlaq oyunlar keçirmisiniz. Bunların arasında ən unudulmazı hansıdır?

- APOEL-lə səfər matçı. "Neftçi” həmin oyunda qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün tarix yazmışdı.

 

- "Neftçi”dəki keçmiş komanda yoldaşlarından kimlərləsə əlaqə saxlayırsınız?

- Açığı, sosial şəbəkələrdən çox istifadə etmirəm. Amma bəzi futbolçularla telefonla danışıram. Məşqçilərdən rəhmətlik Böyükağa Hacıyevlə yaxşı münasibətimiz olub. Arif Əsədov və Elşad Əhmədovla da əlaqə saxlayırıq.

 

- Hazırda "Neftçi” ilə "Qarabağ” arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Keçmiş komandanızın oyununu izləyirsiniz?

- Daha çox internet vasitəsilə "Neftçi”nin oyunlarından xəbər tuturam. Bilirəm ki, hazırda çempionatın lideridir və "Qarabağ”la 1 xallıq fərq var. Hesab edirəm ki, çempionluq haqda danışmaq üçün tezdir. Amma çempion bu iki komandadan biri olacaq. "Neftçi"nin futbolçuları hər oyuna qələbə üçün çıxmalıdılar. Futbolda asan heç nə olmur. Çempionluq bu iki komanda arasındakı mübarizədə həllini tapacaq.

Xəbər xətti