Roberto Bordin: "Aftandil Hacıyevin buna haqqı yoxdur"

18:50 - 24 Fevral 2019

Azərbaycan Premyer Liqasında XVIII turun “Neftçi” – “Səbail” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Oyuna yaxşı başladıq. Hətta Dabo qol da vurdu, ancaq oyundankənar vəziyyət qeydə alındı. Ardınca qısa müddət ərzində iki qol buraxdıq və dönüş etmək mümkün olmadı. Bizim üçün çox neqativ nəticədi. Matçda idarə edən tərəf biz idik. İki qoldan sonra daha da çətin olur. Belədə, futbolçular daha çox enerji itirir. Vuruşduq, ancaq istədiyimiz nəticəni əldə edə bilmədik. Ümumi olaraq, komandanın oyunundan razı qaldım. Çoxlu qol vəziyyətləri yaratdıq. Dabo, Sansone, Platellas, hətta Mbodjun da imkanı oldu.

 

- “Qarabağ”ın dünənki xal itkisinin həddən artıq istəyə səbəb olmaslı və bunun komandanı “yandırması” mümkün ola bilərmi?
- Deməzdim ki, çox istəkli olmağımızın təsiri oldu. Hər matça olduğu kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Komanda yaxşı oynadı, sadəcə, istədiyimiz nəticəni əldə edə bilmədik. Rəqibdən 2 qol buraxmağı gözləmirdik. Başqa cür hazırlaşmışdıq, ancaq bundan sonra oyun planında dəyişilik etməli olduq.

 

- Ruslan Abışov nə vaxt meydana çıxa biləcək?
- Onda hazırlıq çox yaxşı gedir. Sadəcə olaraq meydana çıxmaq üçün inam lazımdı. Növbəti matçlarda oynaya bilər.

 

- Tural Axundovun səhvi futbolda baş verən adi hadisədi, yoxsa çempionluğa oynayan komandanın müdafiəçisinə yaraşmayan?
- Qələbə üçün meydana çıxmışdıq. Futbolda belə texniki səhvlər normaldı və hər futbolçunun başına gələ bilər. O, səhv etsə də, sonadək bütün komanda kimi mübarizə apardı.

 

- Ardıcıl ikinci matçdı komanda xal itirir və “Qarabağ” artıq sizə çatdı. Bu, psixoloji gərginlik yaratmayacaq ki?
- Deməzdim ki, bu, komanda üzərində psixoloji təzyiq yarada bilər. Sadəcə, çempionat sanki 0-dan başlayır. Mən pozitiv məqamlardan danışmaq istəyirəm. Komanda ilk dəqiqədən sona kimi hər şeyi düzgün etdi.

 

- “Səbail”dən belə oyun gözləyirdiz? Sizi nə ilə təəccübləndirdi?
- Sizə görə, “Səbail” necə oynamalı idi? İki qol buraxdıq: birini özümüz rəqibə hədiyyə etdik, digəri standart vəziyyətdən. Ondan başqa hansısa vəziyyəti deyə bilərsizmi ki, qapımız qarşısında təhlükəli epizod yaratdılar?

 

- Deməli, rəqibi düzgün qiymətləndirməmişdiz?
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq və hamısı üçün xüsusi hazırlaşırıq. Rəqibi düzgün qiymətləndirməməkdən söhbət gedə bilməz. Rəqib futbolçular çox yerdə qalır və vaxt uzadırdılar. Ancaq heç kim bu amillərə toxunmur.

 

- Son iki xal itkisi sizdə oyun stilində və ya heyətdə dəyişiklik etməklə bağlı fikir formalaşdırmayıb?
- Hər rəqibə qarşı eyni uslubla hazırlaşmırıq. Hər rəqibə fərqli yanaşırıq.

 

- Azarkeşlər belə düşünür ki, Mirabdulla Abbasov start heyətdə oynayanda komanda hücumda daha yaxşı çıxış edir...
- Bu cür şərhlərə fikir vermirəm. Komandanın həftəiçi hazırlığına əsasən heyəti müəyyənləşdirirəm. Mirabdulla bu həftə 4 gün komanda ilə birgə məşq edə bilməmişdi. Buna görə də start heyətində başlamağa hazır deyildi.

 

- Aftandil Hacıyev aranızdakı mübahisəyə görə sizi günahlandırdı...
- Oyun epizodunda Daboya qarşı kobudluq edilmişdi. Buna görə futbolçular arasında mübahisə ola bilər. Bir məşqçi kimi onun mənim futbolçularıma müdaxilə etmək haqqı yoxdu. Mən ona bunu dedim ki, öz oyunçularına irad bildirə bilərsən, ancaq mənim futbolçularıma yox. Sonra o, əl-qolla danışmağa başladı. Bildirdim ki, televiziya var, sonra danışa və bir-birimizi başa düşə bilərik. Ancaq o gözləmədi. Sonradan gəlib, məni günühlandırmaq lazım deyil. Özümüz danışıb, məsələni həll edə bilərdik.

Xəbər xətti